Heydər Əliyevlə bağlı ən orijinal tədbir - FOTOLAR

05 May, 2018 16:36 | Siyasət | Baxış sayı: 424

Qubada möhtəşəm velosiped yürüşü keçirilib. Mərhum prezident Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan yürüş Qubanın tarixində ilk dəfə baş tutub.

İstiPress-in şimal bürosunun məlumatına görə, Qəçreş meşəsinin yanından başlayan orijinal idman tədbirinin iştirakçıları Heydər Əliyevin Quba şəhərindəki abidəsinin yanına kimi 9 km məsafə qət ediblər. Yürüş barədə sakinlərə əvvəldən məlumat verildiyindən könüllü qatılanlar çox olub.

İH başçının müavini Səidə Abbasova İstiPress-ə açıqlama verdi ki, tədbir icra başçısı Ziyəddin Əliyevin təşəbbüsülə keçirildi. Tədbirimizə təxminən 500-ə yaxın insan qatılmışdı". 

Yürüşdə Qubanın bütün rəsmiləri, rayonda fəaliyyət göstərən Asan Xidmətin əməkdaşları, sadə insanlar, ziyalılar iştirak edib. Quba rayon mərkəzi xəstəxanasının baş həkimi Əliyar Sərvərov isə təcili yardım maşını ilə yarışçıları müşayiət edib. 

Yürüşə qatılanlar arasında hər yaşdan və təbəqədən olanlar vardı. 71 yaşlı Alekseyevka kənd sakini Seyran Dəmirov da, 3 yaşlı Əli Həmidli, 6 yaşlı Nemət Nemətov da vardı. Bu azyaşlı uşaqlar da böyüklərlə birgə Heydər Əliyevin abidəsinə kimi gələ bildilər.

Qubanın icra başçısı Ziyəddin Əliyev İstiPress-in sorğusunun cavabında bildirib: "Təxminən 5 ildir velosiped sürmürdüm, bu gün sürdüm. Fikirləşdim ki, səfalı Qubanın təbiətindən başlayan orijinal bir tədbir keçirək. Bütün qurumlar da mənə dəstək oldular. DTX-nin, polis şöbəsinin rəisləri, məhkəmə sədrimiz, prokurorumuz, Asan Xidmətin rayondakı rəhbərliyi təklifimi dəstəklədilər və biz bu gün möhtəşəm tədbir keçirdik. Biz bu yürüşü özümüzü gözə soxmaq üçün deyil, ürəkdən elədik. Biz hamımız vəzifəmizdən əlavə, vətəndaşıq. Heydər Əliyevin dahi, fenomen insan olduğunu hamımız bilirik, onun xatirəsinə vətəndaş mövqeyi nümayiş etdirərək yürüş etdik. Ənənə  bundan sonra da davam edəcək".

Tədbirin sonunda Heydər Əliyevin abidəsinin yanında təltifetmə mərasimi olub. "Heydər Əliyev-95" sözləri yazılmış xüsusi köynəklər geyinmiş könüllü velosipedçilər arasından seçim edilib. "Ən maraqlı  velosiped", "Ən kiçik velosipedçi", "Ən yaşlı vülosipedçi", "Ən fəal velosipedçi", "Ən fəal azarkeş" nominisiyaları üzrə iştirakçıların bir qrupuna Quba icra İH-nin diplom və kubokları təqdim edilib.

Qeyd olunub ki, bundan sonra Qubada çox  zəif inkişaf etmiş velosiped idmanının inkişafına xüsusi diqqət yetiriləcək və bu yalnız Azərbaycan xalqını çox iğtişaş və bəlalardan xilas etmiş Heydər Əliyevin adı ilə bağlı olacaq.