Paşinyan əks-hücuma keçdi

05 Aprel, 2019 17:01 | Siyasət | Baxış sayı: 1750
Nikol Paşinyan və Artur Vanesyan birlikdə Qarabağda - ARXİV
Nikol Paşinyan və Artur Vanesyan birlikdə Qarabağda - ARXİV

David Tonoyanın yeni ərazilər tutmaq iddiası ciddi toqquşmalara səbəb olacaq

Nikol Paşinyan Ermənistan hökumətinin kadrlar şöbəsinin rəhbəri Marqarita Azaryanı işdən çıxarıb və yerli KİV-lər bunu milli təhlükəsizlik xidmətinin başçısı Artur Vanesyana qarşı ilk zərbə kimi dəyərləndiriblər.

 İstPress-in məlumatına görə, məsələyə xüsusi məqalə həsr etmiş “politik.am” portalı qeyd edir ki, Serj Sarkisyanın komandasından Paşinyanın komandasına keçmiş Marqarita Azaryanın işdən çıxarılması oğlu Artur Vanesyana bir mesajdır. Yəni Vanesyan Nikol Paşinyan üçün problemlər yaratmaqda davam etsə, vəzifə ilə vidalaşacaq.

Vanesyanın Paşinyan üçün yaratdığı əsas problemlərdən biri Paşinyan İranda olarkən verdiyi bəyanatdır. Həmin günlərdə Azərbaycanın işğal altında olan Fizuli rayonuna gedərək bu torpaqları Azərbaycana qaytarmayacaqlarını deməsi olub. Bu, açıq aydın işğal faktının etirafı idi, həm də görüntü yaradırdı ki, Paşinyanın komandası İrandan güc alaraq eksponsionist bəyanatlar verir. Təbii ki, bu, Paşinyanın qərblə münasibətlərində ciddi problemlər yaratmaq məqsədi daşıyırdı. Həm də Qarabağ münaqişəsinin milli-azadlıq hərəkatı yox, iki dövlət arasında ərazi münaqişəsi olduğunu göstərirdi.

Azərbaycan torpaqlarının işğalına birbaşa rəhbərlik etmiş Serj Sarkisyan və Robert Koçaryan işğala milli-azadlıq görüntüsü vermək üçün çox ehtiyatlı davranırdılar. Serj Sarkisyan həmişə deyirdi ki, Ağdam və Dağlıq Qarabağ ətrafındakı digər rayonlar sadəcə Dağlıq Qarabağın statusunun müəyyən edilməsi üçün işğal altında tutulur və geri qaytarılacaq. Amma Paşinyanın komandasının üzvü isə işğal etdikləri rayonları qaytarmayacaqlarını və məskunlaşdıracaqlarını iddia edirdi.

Bu cür eksponsionist bəyanat Azərbaycana Helsinki prinsiplərinə görə müharibə hüququ verməklə yanaşı Qərb auditoriyasına Ermənistanın təcavüzkar dövlət olması barədə həqiqətləri çatdırır və Paşinyanı danışıqlarda daha əlverişsiz vəziyyətə salır. Ola bilər ki, Artur Vanesyan bu bəyanatı vaxtilə anasının və özünün birbaşa şefi olmuş Serj Sarkisyanın sifarişi ilə verib. Hər halda, Qarabağda müharibənin başlaması və Ermənistan ordusunun Ağdam, Fizuli, Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarına nəzarəti itirməsi həm Serj Sarkisyanın yenidən hakimiyyətə qayıtmasına, həm Dağlıq Qarabağa müəyyən status verilməsi barədə danışıqlara, həm Ermənistanın sərhədlərinin açılmasına imkan yaradar. Bu həm Ermənistanda, həm də Dağlıq Qarabağda əhalinin güzəranını yaxşılaşdırar. Serj Sarkisyan bir xilaskar kimi yenidən ömürlük hakimiyyətini təmin etmiş olar.

Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə dinc yolla həlli
Qarabağ münaqişəsinin Madrid prinsipləri üzrə dinc yolla həlli

Erməni tsiyasətçilərinin dediyinə görə, Sarkisyan sözügedən 5 rayonu azad etməyə dəfələrlə razılıq verib, amma ictimai rəydən qorxaraq bunu özü etmək istəməyib. Belə çıxır ki, Moskva düzgün qənaətdədir və Sarkisyan Paşiyanı Yusif Sərrac misalında hakimiyyətə özü gətirib ki, sonra etibarlı adamlarının təhrikedici  ifadələri ilə Azərbaycanı müharibəyə sövq etsin, sonra isə qarışıqlıqdan istifadə edib hakimiyyətə gəlsin və bir “sülh mələyi” kimi Madrid prinsipləri üzrə danışıqları davam etdirsin, 5 rayonun işğaldan azad edilməsi aktına post-faktum imza atsın.

Bu işdə Sarkisyana Ermənistanın indiki müdafiə naziri David Tonoyan da gizli dəstək verir. ABŞ-ın “Eurasianet” portalının yazdığına görə, Tonoyan ABŞ-da erməni icması ilə görüşdə hərbi geyimdə açıq mətnlə deyib ki, Ermənistan ordusu tutduğu ərazilərdən çıxmayacaq və lazım gələrsə yeni ərazilər işğal edəcək. Bu, işğal amilinin açıq etirafıdır. Halbuki, başda Demokratlar Partiyası olmaqla erməni lobbisinə yaxın bir çox siyasi qüvvələr Qarabağ münaqişəsinə milli-azadlıq hərəkatı donu verməyə çalışırlar və Azərbaycana qarşı düşmən 907-ci düzəliş də bu məntiqlə tətbiq edilmişdi. ABŞ-da ilkdə dəfə Ermənistanın təcavüzkar olduğunu 2002-ci ildə prezident Buş Konqessə yazdığı məktubda bildirmişdi. Bu, məhz Ermənistanın işğalçı olduğunu göstərən sənəd idi və demokrat senatorlar tərəfindən ciddi etirazla qarşılaşmışdı. Əvvəllər isə sənədlərdə Ermənistan yox, erməni qüvvələr sözü ifadə edilirdi və Dağlıq Qarabağ erməniləri nəzərdə tutulurdu.

Göründüyü kimi, Tonoyan Ermənistan adından işğalçı olduqlarını bildirib. Buna görə də “Eurasianet” portalı açıq mətnlə Ermənistanın Azərbaycan ərazisinin 14 faizini işğal edərək 600 min azərbaycanlını qaçqına çevirdiyini yazıb. Məqalə Paşinyan tərəfdarlarını ciddi narahat edib və onlar Tonoyanın Paşinyana düşmən olduğunu göstərmək üçün onu bütünlüklə baş nazirə yaxın “1in.am” portalında dərc ediblər.