İlham Əliyev: "Dünya qəbul edir ki, Ermənistan..." YENİLƏNİB, FOTO

05 Aprel, 2018 10:38 | Siyasət | Baxış sayı: 170
Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin konfransı
Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin konfransı

Bakıda prezidentin də qatıldığı iclas başladı

"Qoşulmama Hərəkatı dünyada sülhün qorunmasında mühüm rol oynayır. Qoşulmama Hərəkatının üzvləri Azərbaycana BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilərkən dəstək veriblər. Qoşulmama Hərəkatının üzvlərinə Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiklərinə görə təşəkkür edirik. İyirmi ildən çoxdur ki, Azərbaycan torpaqları Ermənistanın işğalı altındadır".

Bunu Azərbaycan prezidenti İlham Əliyev Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda aralıq nazirlər konfransında bildirib.

Onun sözlərinə görə, dünya qəbul edir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib, bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, etnik təmizləmə aparılıb. Prezident bildirib ki, beynəlxalq təşkilatların qəbul etdiyi qətnamələrə baxmayaraq, Azərbaycanın əraziləri hələ də işğal altındadır.

İ.Əliyev deyib ki,  bəzi problemlərə, o cümlədən Ermənistanın işğalı nəticəsində yaranan çətinliklərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı inkişaf edir və Azərbaycan özünü təmin edən ölkədir. 

Saat 09:33

Bakıda “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda Qoşulmama Hərəkatı çərçivəsində xarici işlər nazirlərinin konfransı başlayıb.

Açılış mərasimində prezidenti İlham Əliyev, hazırda Qoşulmama Hərəkatına sədrlik edən Venesuelanın xarici işlər naziri Xorxe Arreasa Montserrat, Azərbaycanın XİN başçısı Elmar Məmmədyarov və başqaları iştirak edir. Prezidentin tədbirdə çıxış edəcəyi gözlənilir. 

İştirkaçılar beynəlxalq sülh və təhlükəsizlik üzrə ən aktual məsələlərlə bağlı fikir mübadiləsi aparacaq.

Konfrans iki gün davam edəcək. İclasının yekununda aprelin 6-da Bakı Bəyannaməsi qəbul olunacaq. Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir, 17 dövlət və 10 beynəlxalq təşkilat Qoşulmama Hərəkatı yanında müşahidəçi statusuna malikdir.

Azərbaycan 2011-ci ildə Balidə keçirilmiş XVI Nazirlər Konfransında hərəkata qoşulub. 2019-cu ildə Azərbaycanda Qoşulmama Hərəkatının XVIII Zirvə toplantısı keçiriləcək. Azərbaycan Respublikası 2019-2022-ci illər ərzində Qoşulmama Hərəkatına sədrlik edəcək.