Türkiyədə qar uçqununda ölənlərin sayı 23 nəfərə çatdı - VİDEO

05 Fevral, 2020 17:13 | Siyasət | Baxış sayı: 132
Qar uçqunu - Türkiyə
Qar uçqunu - Türkiyə

Ərdoğanın müşaviri qar altında qaldı

Türkiyədə qar uçqununda ölənlərin sayı 23 nəfərə çatıb. 

İstiPress DHA-ya istinadən xəbər verir ki, bu barədə Van şəhər valisi Mehmet Emin Bilmez məlumat verib. 

“İkinci qar uçqunu hadisəsində 8-i jandarma, 3-ü mühafizəçi, 1-i yanğınsöndürən olmaqla 12 nəfər həlak olub. Hazırda 9 vətəndaşımızın vəziyyəti ağırdır. Qar uçqunu altında neçə nəfərin qaldığına dair dəqiq məlumat yoxdur. Ümumilikdə qar uçqunu nəticəsində 23 nəfər həlak olub", - o qeyd edib.

15:53

Türkiyədə qar uçqunu altında qalan daha 8 nəfər ölüb və ölənlərin sayı 13-ə çatıb. 

IstiPress “Hürriyet”ə istinadən xəbər verir ki, bunu ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib.

Hadisə Van-Bağçasaray yolunun 33 kilometrliyində baş verib. Qar sərnişinlə dolu olan mikroavtobusun üzərinə uçub. Xilasetmə işləri zamanı ikinci qar uçqunu olub. 

“İndiyə qədər 3-ü mühafizəçi, 3-ü mütəxəssis çavuş, biri gizir, biri də mülki vətəndaşımız olmaqla 8 nəfər uçqunun altında qalaraq ölüb”, - nazir deyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın baş müşaviri Gülşən Orxan hadisə yerinə gedib. İkinci uçqun nəticəsində baş müşavir də qarın altında qalıb. O, yaralı vəziyyətdə xilas edilib və xəstəxanaya yerləşdirilib. Bundan başqa, Fövqəladə Halların İdarə Olunması Agentliyinin (AFAD) Van şəhəri üzrə rəhbəri Osman Uçar da qar uçqunu altından çıxarılaraq xəstəxanaya yerləşdirilib.

S.Soylu deyib ki, uçqun altında 10-15 nəfərin qaldığı güman edilir: “İndiyədək 30 nəfər xilas edilib, axtarış-xilasetmə işləri davam edir”.

Hazırda Vanda hava küləksiz və qarsız olsa da, sabah qar yağacağı gözlənilir. 1 dərəcə civarında olan temperaturun mənfi 5 dərəcəyə düşəcəyi gözlənilir.

Qeyd edək ki, hadisə fevralın 4-ü axşam saatlarında qeydə alınıb. Həmin gün qar altından 5 nəfərin meyiti çıxarılmışdı. 6 nəfər isə sağ qurtarılmışdı.