Ordumuzun ən uğurlu əməliyyatı

05 Yanvar, 2019 16:50 | Siyasət | Baxış sayı: 270
Qarabağ savaşı iştirakçıları
Qarabağ savaşı iştirakçıları

Horadizin azad edilməsindən 25 il keçir

Azərbaycan Silahlı Qüvvələrinin uğurlu Horadiz əməliyyatından 25 il ötür. Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrinin 1994-cü il yanvarın 5-dən 6-na keçən gecə həyata keçirdiyi uğurlu əməliyyat nəticəsində Füzuli rayonunun 20-dən çox kəndi, Horadiz qəsəbəsi və Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad olunub.

Horadiz əməliyyatının həyata keçirilməsində 702 saylı briqadanın şəxsi heyəti misilsiz qəhrəmanlıq nümunəsi göstərib. Əməliyyat 1994-cü ildə Azərbaycan Ordusunun həyata keçirdiyi ən uğurlu əməliyyat olub. Horadiz əməliyyatı Azərbaycanın hərb tarixində qürurverici qələbədir. Azərbaycan Ordusu bu uğura ulu öndər Heydər Əliyevin qətiyyəti, böyük sərkərdəlik məharəti, döyüş bölgəsində hərbçilərlə görüşərək onlarda ruh yüksəkliyi yaratması sayəsində nail olub.

Horadiz əməliyyatı zamanı düşmənin çoxlu sayda canlı qüvvəsi və hərbi texnikası məhv edilib, onlarla döyüş texnikası, xeyli sayda silah-sursat qənimət kimi ələ keçirilib. Əməliyyatda misilsiz qəhrəmanlıq nümunələri göstərdiklərinə görə 8 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdü.

İşğaldan azad edilmiş həmin yaşayış məntəqələrində hazırda 60 mindən artıq əhali yaşayır.

Qarabağ müharibəsi tarixində Horadiz əməliyyatının xüsusi yeri var. Məhz Horadiz əməliyyatı ilə Azərbaycan Ordusunun qələbə əzmi özünə qayıdıb. Horadiz əməliyyatı Azərbaycan Ordusunun qələbələrinin başlanğıcı olub. Bu uğurların davamı olaraq, 2016-cı ildə Aprel döyüşləri nəticəsində yüksək strateji əhəmiyyətə malik Lələtəpə və Talış yüksəklikləri düşməndən azad edildi. Bu qələbə sayəsində “Böyük Qayıdış” prosesinə start verilib. Cocuq Mərcanlı kəndində ən müasir qəsəbə salınıb.

Ötən ilin mayında isə Naxçıvanda 11 min hektara yaxın ərazini və Şərur rayonunun Günnüt kəndini işğaldan azad edən ordumuz daha əlverişli mövqelərə yiyələndi. “Xunut” dağı və “Ağbulaq” yüksəkliyi, “Qızılqaya” dağı və “Mehridağ” işğaldan azad edildi, Dərələyəz mahalının Arpa kəndi nəzarətə alındı. “Qızılqaya” yüksəkliyinin azad olunması ordumuza İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etmək imkanı yaratdı.