Peskov: “Dağlıq Qarabağda başçı yoxdur, ora Azərbaycanın ərazisidir...”

04 Dekabr, 2020 14:57 | Siyasət | Baxış sayı: 177
Dmitri Peskov. Vladimir Putinin köməkçisi
Dmitri Peskov. Vladimir Putinin köməkçisi

Rusiya sülhməramlı qüvvələri Dağlıq Qarabağda öz fəaliyyətlərini həm Ermənistan, həm Azərbaycan tərəfi ilə koordinasiya edir.

İstiPress-in məlumatına görə, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov keçirdiyi brifinqdə jurnalistlərin “Orada başçı kimdir” sualına cavab olaraq deyib.

“Orada başçı yoxdur, orada iki münaqişə tərəfi var-Azərbaycan və Ermənistan. Həmin tərəflər Rusiya tərəfi ilə birlikdə məlum Putin, Əliyev, Paşinyan bəyanatını imzalayıblar. Və həmin bəyanatın yerinə yetirilməsini Rusiya hərbçiləri, habelə Rusiya humanitar missiyası həyata keçirir. Hansı ki, bu humanitar missiya təkcə hərbçilərdən ibarət deyil və öz hərəkətlərini həm azərbaycanlılarla, həm ermənilərlə koordinasiya edir”,-Peskov bildirib.

Putinin sözçüsü əlavə edib ki, Rusiya son hərbi münaqişədən sonra Dağlıq Qarabağın statusuna dair mövqeyini dəyişməyib.

“Həmin ərazinin kimə məxsus olduğu BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri ilə müəyyən olunub, kifayət qədər çoxdan müəyyən olunub. Bütün bunlar Təhlükəsizlik Şurasının qətnamələrində göstərilir, Rusiya heç nəyi dəyişməyib, əslində heç bir ölkə dəyişməyib. Prezident Putin də dedi ki, Qarabağ öz-özlüyündə tanınmayıb, onu hətta Ermənistan da tanımayıb. Prezident Putin bu haqda bildirib”,-Peskov deyib.