Səslər tam hesablanmasa da, Tramp qalib gəldiyini elan etdi

04 Noyabr, 2020 13:56 | Siyasət | Baxış sayı: 36

ABŞ-da baş tutan seçkilərdə səslərin sayılması davam edərkən hazırkı Prezident Donald Tramp qalib gəldiyini elan edib.

İstiPress-in məlumatına görə, Ağ Evdə çıxış edən Tramp ailəsinə və milyonlarla tərəfdarına təşəkkür edib, qalibiyyətini qeyd etməyə hazırlaşdığını açıqlayıb.

Tramp Corciya, Pensilvaniya və Şimali Karolina ştatlarında qalib gəldiyini bildirsə də bu ştatlarda səslərin sayılması hələ davam edir. Bir çox KİV Trampın qələbə qazanmaqla bağlı açıqlamasında tələsdiyini hesab edir.

Bununla yanaşı Tramp səslərin sayılmasında pozuntuların ola biləcəyini, ancaq bunların qarşısını almaq üçün mübarizə aparmağa hazır olduğunu vurğulayıb.

“Biz bu seçkiləri dürüstcə qazanmağa hazırıq və bu seçkiləri də qazandıq. Pozuntularla bağlı tədbir görəcəyik. Belə ki, ABŞ Ali Məhkəməsinə gedəcəyik, onları dayandıracağıq, onlara bir səs belə verməyəcəyik”,- deyə o qeyd edib.

ABŞ Prezidenti xüsusilə poçtla verilən səslərin sayılması zamanı pozuntuların olacağını istisna etməyib.

Bu məqamda bildirək ki, “Fox News”un məlumatına görə, indiyə qədər Tramp 213, Bayden isə 238 səs toplayıb.

Son məlumatlara görə, 63 379 047 seçici (48.5%) Trampa, 65 201 982 seçici isə (49.9%) Baydenə səs verib.