Azərbaycan Ordusunun Vüsal atəşi! - VİDEO

04 Noyabr, 2020 14:46 | Siyasət | Baxış sayı: 2348
Vüsal Şahkərimov atəş zamanı
Vüsal Şahkərimov atəş zamanı

Onu indi hamı tanıyır. Əvvəl ailəsi, dostları, qulluq etdiyi hərbi hissədə əsgər yoldaşları, komandirləri tanıyırdısa onu, indi bütün Azərbaycan tanıyır. Dünən Müdafiə Nazirliyinin cəbhədə şücaərt göstərən topçularımızın videosunda yer alan topçu əsgər, 19 yaşı bu il iyunun 29-da tamam olan Vüsal İslam oğlu Şahkərimovdan gedir söhbət.

MN-nin yaydığı videoda mərdanə, qürurlu duruşu ilə, top atılsa belə vüqarlı dayanmağı ilə, əyilməzliyi ilə diqqət çəkən Vüsal Şahkərimov indi internet fenomeninə çevrilib. Bütün sosial şəbəkələr, elektron media və televiziyalar ondan danışır. Qəhrəman topçu əsgərimiz Vüsal Şahkərimov Xaçmaz rayonunun yetirməsidir.

Vüsal Şahkərimov atışdan sonra
Vüsal Şahkərimov atışdan sonra

2001-ildə rayonun Qusarçay kəndində anadan olan, hərbi xidmətə gedən Vüsal Azərbaycanın öz şücaəti ilə tarix yazan cəsur əsgərlərindəndir. Atası İslam kişi deyir: "Mənə xəbər gəldi ki, Vüsalı televiziyada göstəriblər. Əvvəl narahat oldum. Atayam da, narahatçılığım təbiidir. Sonra biləndə ki, cəbhədə igidlik göstərib, ürəyim dağa döndü. Çox qürurlandım. Oğlumla fəxr etdim. Yediyi çörək halal olsun. Adımızı ucaltdı".

Şahkərimovlar ailəsinin ilki olan Vüsal iki bacının yeganə qardaşıdır. Atası İslam Şahkərimov tək oğluna yox, bütün əsgərlərimizə qələbə və sağlamlıq arzulayır: "Qələbə ilə, sağ-salamat qayıtsınlar. Fəxrlərimizdirlər. İnanıram ki, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında oğlum Vüsal və əsgər yoldaşları tezliklə bizə tam qələbə sevincini yaşadacaqlar".

Amin. O gün uzaqda deyil.

Aytəkin Alxaslı