Ermənistana yeni Qarabağ şərti: kürdləri müdafiəyə qoşun göndər

04 Noyabr, 2017 16:48 | Siyasət | Baxış sayı: 2158
İraq kürdləri Kərkükün işğalı zamanı
İraq kürdləri Kərkükün işğalı zamanı

Xarici işlər naziri Edvard Nalbandyan təcili İsrailə çağırılıb

Bir sıra erməni siyasətçiləri rəsmi İrəvanın Bərzani ailəsinin Ərbildə qurmaq istədiyi Kürdüstana dəstək verməsinin vaciblyindən danışmağa başlayıblar.

İstiPress-in məlumatına görə, Rusiyada yaşayan erməni mənşəli politoloq Semyon Baqdasarov “Regnum” agentliyinə müsahibəsi zamanı bildirib. Ən maraqlısı da odur ki, Baqdasarov bunun Qarabağ münaqişəsinin Ermənistanın xeyrinə həlli üçün çox vacib olduğunu bildirib.

Semyon Baqdasarov - Rusiyada yaşayan erməni mənşəli politoloq (solda)
Semyon Baqdasarov - Rusiyada yaşayan erməni mənşəli politoloq (solda)

Baqdasarov erməniləri kürdlərlə barışmağa və onların 1915-ci ildə baş vermiş erməni-müsəlman toqquşmalarında  iştirakını unutmağa çağırıb: “Kürdlərin 100 il qabaq baş vermiş “soyqırım”da iştirakını əsas götürmək olmaz. Söhbət ondan gedir ki, yeni şəraitdə müvafiq siyasət yürütmək lazımdır. Barışmaq lazımdır”.

Baqdasarov Ermənistanı həm Ərbildə dövlət qurmağa çalışan Bərzani ailəsinə, həm də Suriyada və Türkiyədə döyüşlər aparan PKK-ya hərbi qüvvə ilə yardım etməyə çağırıb:

“Türk militarizmi güclü olduqca Dağlıq Qarabağ münaqişəsi kimi problemlər çözülməyəcək. Söhbət Ermənistanın böyük hərbi əməliyyatlarından və böyük hərbi xərclərindən getmir. Söhbət regionda vəziyyətə çox çevik təsirdən gedir”,- deyə o vurğulayıb.

O, iddia edib ki, İsrail regionda kürd dövlətinin yaranmasına çalışır və bundan yararlanmaq lazımdır. Qeyd edib ki, 6-7 noyabrda Ermənistan xarici işlər naziri Edvard Nalbandyan İsrailə rəsmi səfərə gedəcək və onu baş nazir Beniamin Netanyahu dəvət edib. Ola bilər ki, səfər zamanı regionda  Ermənistan - İsrail hərbi əməkdaşlığı, o cümlədən silahlı kürd qruplaşmalarına dəstək məsələsi müzakirə edilsin.

Amma bəzi erməni şərhçilər bunun perspektivinə inanmır. Məsələn, erməni şərhçi Naira Ayrumyan “Lragir”də səfərlə bağlı bu gün yazdığı məqalə 2015-ci ildə də Nalbandyanın İsrailə rəsmi səfərə getdiyini xatırladır. Onun sözlərinə görə, məhz bu səfərdən sonra İsrail “Spayk”larından istifadə edən Azərbaycan aprel döyüşlərində Qarabağda Ermənistan ordusunu biabırçı məğlubiyyətə uğratdı və Ermənistan ordusunun çox zəfi olduğunu sübut etdi.     

Çingiz Rüstəmov / İstiPress