Putinin Ermənistana hücum edəcəyi gün

04 Oktyabr, 2018 18:22 | Siyasət | Baxış sayı: 2111
Vladimir Putin
Vladimir Putin

İrəvan böyük toqquşmalara səhnə olacaq

Rusiya prezidenti Vladimir Ermənistanda baş verən hadislərlə bağlı gözləmə mövqeyi tutub və hələ ki, tərəflərdən hansınasa açıq dəstək vermək istəmir.

İstiPress-ə bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin keçmiş əməkdaşı, politoloq Fikrət Sadıqov bildirib.

Onun sözlərinə görə, Ermənistanda münaqişə tərələrinin hələ ki, heç biri geri çəkilmək istəmir: “Parlamentin buraxılması və təkrar seçkilərə gedilməsi keçmiş iqtidarın - Respublika Partiyasının ikinci məğlubiyyəti olacaq. Birinci məğlubiyyəti isə onlar Serj Sarkisyanın istefası ilə yaşamışdılar. Respublika Partiyası elə də zəif deyil, ən azından təcrübəlidirlər, ona görə asanlıqla mövqelərini verməyəcəklər. Nikol Paşiyan da geri durmayacaq, başa düşür ki, bu parlament qalarsa, onun hakimiyyətə gəlməsi çətin olacaq. Onun gücü küçədədir və küçənin hesabına parlamenti dağıtmalıdır. O, seçkilərə getməsi üçün istefa verməlidir. Amma buna risk etmir, çünki yenidən baş nazir seçiləcəyinə inamı yoxdur. Hər halda, güc stukturlarının rəhbərlərinin telefon danışıqlarının dinlənilməsi göstərdi ki, önəmli qurumlarda, o cümlədən silahlı qüvvələrdə keçmiş iqtidarın adamları çoxdur”,- deyə Fikrət Sadıqov vurğulayıb.

Əslində, Paşinyanın parlamenti istefaya göndərməkdən başqa yolu yoxdur. Çünki iki gün öncə Ermənistan parlamentinin qəbul etdiyi yeni qanunla baş nazirin istefasından sonra növbədən kənar parlament seçkilərinə gedilməsi çətinləşir. Yəni Paşinyan seçkilərə getmək üçün istefa verə bilər, amma parlament növbədən kənar seçkilərə getməz və Robert Koçaryan kimi sərt xarakterli, qan tökməkdən çəkinməyən birini baş nazir təyin edə bilərlər, sonda isə Nikol və tərəfdarları uzun illərini həbsxana divarları arasında keçirməyə məcbur olarlar.

Paşinyan parlament önündə xalqı küçələrə çağırır
Paşinyan parlament önündə xalqı küçələrə çağırır

Əsas gücü küçədə olan və bunu heç gizlətməyən Nikol isə bu perspektivlə razılaşmaq istəmir, təhlükə hiss edən kimi sosial şəbəkəyə qaçıb küçələri ayağa qaldırmağa çalışır. Nikol Paşiyan hətta Moskvaya Putinlə görüşüdən əvvəl edəcəyi çıxışın mətnini sosial şəbəkə iştirakçıları ilə müzakirə edibmiş!.. İndi bu nə qədər dəqiqdir, bir Allah bilir, amma bu məsələ Rusiya KİV-lərinə kinayə üçün yetərincə mövzu vermişdi. Ermənistanın siyasət və biznes elitasını məhz Nikol Paşiyanın davranışlarındakı bu tragikomik neo-anarxizm qorxudur. Onların fikrincə, başı sosial şəbəkələrə qarışmış Nikol Paşinyan 5 aylıq hakimiyyəti dövründə islahat sayılacaq bir addım da atmayıb. Təsadüfi deyil ki, parlamentdə Nikol Paşiyanın əleyhinə yönəlmiş qanun layihəsinin səs verən 71 deputat arasında onun hakimiyyət ortaqları olan Sarukyan blokunun və daşnakların da təmsilçiləri olub.

Göründüyü kimi, Ermənistanda ciddi qarşıdurma var və bu, vətəndaş müharibəsinə qədər apara bilər. Təbii ki, hadisələrin axarına əsas təsiri Moskva edə bilər və Putin Ermənistanın gələcəyini bu qüvvələrdən birinə tapşırsa, alternativi onunla barışmağa məcbur edə bilər: 

“Nəzəri cəhətdən Putin Paşiyana da yardım edə bilər. Amma Putin hələ ki, Paşinyana inanmır. Düzdür, Paşinyan təkrar-təkrar Rusiya ilə strateji əməkdaşlığın davam edəcəyini deyir, amma fakt budur ki, vəzifə verdiklərinin hamısı Rusiyanın düşmənləridir. Ona görə Moskva hələ ki, gözləyir, lazım gələrsə Putin məsələyə hər cür müdaxilə edərək öz adamlarını hakimiyyətdə olmasına çalışacaq”,- deyə Fikrət Sadıqov vurğulayır.