Prezident İlham Əliyevin çağırışları həm də dünya birliyinə ismarıcdır - EKSPERT

04 Sentyabr, 2020 09:51 | Siyasət | Baxış sayı: 124
İlham Əliyev - Azərbaycan Prezidenti
İlham Əliyev - Azərbaycan Prezidenti

Prezident İlham Əliyev beynəlxalq siyasi aləmdə öz qətiyyətli sözünü deyən, fikirlərini irəli sürən liderdir və biz bu reallığı dəfələrlə ən mötəbər tribunalardan da müşahidə etmişik.

IstiPress-in məlumatına görə, bunu “SƏS” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev ölkə başçısının Yunanıstanın Azərbaycana təyin olunmuş səfirinin etimadnaməsini qəbul edəndə vurğuladığı fikirləri şərh edərkən deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyev daim xalqının, dövlətinin mövqeyini ən ali dərəcədə ifadə edir və bununla yanaşı, ədalətli siyasət amilini önə sürür. O cümlədən, diplomatik bilik və bacarıqlarını müxtəlif görüş və qəbullarda tətbiq etməklə, yüksək siyasi təcrübəsini ortaya qoyur: “Xüsusilə, milli maraqlar kontekstində fəaliyyətini aparan ölkə başçımız Yunanıstanın səfirnin etimadnaməsini qəbul etdiyi mərasimində də bu məsələni mühüm fikirləri, nitqi ilə önə sürdü. Belə ki, dövlət rəhbərimizin Yunanıstanın, Kiprin və Ermənistanın hərbi əməkdaşlıq məsələlərinə toxunarkən təcavüzkarın müdafiə olunmasını qeyri-mümkün hesab etməsi, eyni zamanda, Yunanıstanın Azərbaycanla əməkdaşlıq etmək marağında olduğunu bildirməklə, Avropa Birliyi ölkələrindən biri olduğunu xatırlatmaqla, haqqın, ədalətin tərəfində dayanmalı olduğunu vurğulaması çox əhəmiyyətli diplomatik faktordur. Cənab Prezident kifayət qədər açıq şəkildə bildirdi ki, Türkiyə-Azərbaycan dostluğu və qardaşlığı dönməzdir və Türkiyə həmişə Azərbaycanın yanında olduğu kimi, Azərbaycan da daimi olaraq Türkiyənin yanında olacaq. Yəni dövlət başçımız bununla daha bir məsələni – Şərqi Aralıq dənizindəki böhranı nəzərdə tutaraq, bu məsələdə də qardaş Türkiyənin yanında olduğunu Tərəf kimi nümayiş etdirmiş oldu”.

“Hesab edirəm ki, Prezident İlham Əliyevin belə bir qətiyyət nümayiş etdirməsi həm Azərbaycan, həm də Türkiyə xalqı tərəfindən yüksək qiymətləndirildi”, deyən siyasi ekspert əlavə edib ki, artıq Türkiyənin dövlət rəsmiləri də dövlət başçımızın bu addımından qürur duyduqlarını vurğulayır, Ona öz minnətdarlıqlarını çatdırırlar: “Həmçinin, düşünürəm ki, Prezident İlham Əliyevin çağırışları dünya ölkələri, xüsusilə Avropa və Qərb ölkələrinin ədalətli siyasət yürütmələrinə yönəlmiş bir ismarıc, habelə, Azərbaycan və Türkiyə sarsılmaz birliyinin növbəti danılmaz isbatıdır”.