Türkiyədə məscidə sığınan azərbaycanlı fəhlələr

04 May, 2020 10:09 | Siyasət | Baxış sayı: 116

Kömək üçün ölkə rəhbərliyinə müraciət ediblər

Azərbaycandan işləmək üçün Türkiyəyə gedən Anar Abbasov, İlqar Raqiyev və Təmruz Hacıyev koronavirusa görə sərhədlərin bağlanması üzündən İğdırda çıxılmaz vəziyyətdə qalıblar. Gecəni bir məscidin sığınacağında keçirən gənclər kömək üçün ölkə rəhbərliyinə müraciət ediblər.  

IstiPress-in məlumatına görə, bu barədə Türkiyə mətbuatı məlumat yayıb. 

Bildirilir ki, bir müddət əvvəl Türkiyəyə gələn gənclərdən ikisi Antalyada, biri də İzmirdə tapdıqları müxtəlif işlərdə çalışmağa başlayıblar. Lakin koronavirus epidemiyası səbəbilə sərhəd bağlandığından Türkiyədə qalmalı olublar. Antalya və İzmirlə həmsərhəd olan İğdıra dönmək üçün səyahət icazəsi ilə yola çıxan azərbaycanlılar Dilucu Gömrük İdarəsinə gediblər. Burada sərhədi keçmələrinə icazə verilmədiyindən yenidən İğdıra qayıtmalı olublar. Azərbaycan Konsulluğu ilə apardıqları danışıqlar da müsbət nəticə verməyib, gənclər pulları olmadığı üçün Sanayi məhəlləsindəki  Sanayi Məscidinin həyətində gecələyiblər.

Anar Abbasov bildirib ki, nə getməyə yerləri, nə də Türkiyədə qalmağa pulları var: “Azərbaycana qayıtmaq üçün  avtobusla İğdıra gəldik. Oradan Dilucu Gömrük məntəqəsinə getdik. Nə qədər etsək də, Azərbaycana keçə bilmədik. Bizimlə bərabər iranlı və gürcü də var idi. Onlar öz ölkələrinə keçdilər. Türkiyə gömrükçüləri Azərbaycan tərəfinin bizi qəbul etmədiyini və İğdıra qayıtmalı olduğumuzu söylədi”.

A.Abbasov Türkiyə rəhbərliyinə səslənərək kömək istəyib: “Pulumuz olmadığı üçün məscidin həyətində gecələmişik. Türkiyə rəhbərliyindən, səlahiyyətli şəxslərdən ölkəmizə gedə bilmək üçün yardım istəyirik. Azərbaycan bizi qəbul etsin, karantində qalaq, amma öz ölkəmizdə olaq. Qars konsulluğu ilə əlaqə saxlaya bilmirik, İğdır konsulluğundan isə ”edə biləcəyimiz bir şey yoxdur, başınızın çarəsinə baxın” cavabını almışıq. Nə edəcəyimizi bilmirik”,- çətin vəziyyətdə qalan azərbaycanlı gənc deyib.

G.Əliyeva/Virtualaz.org