Prezident Xızıda YENİLƏNİB

04 May, 2018 13:55 | Siyasət | Baxış sayı: 225
Prezident İlham Əliyev
Prezident İlham Əliyev

İlham Əliyevin regiona səfəri Xaçmazdan başlayıb

Xızıya səfəri çərcivəsində prezident başlanğıcını Giləzi-Xızı yolunun 34-cü kilometrliyindən götürən və əsaslı şəkildə yenidən qurulan Fındığan kəndinədək olan yolun açılışını edib. 600 nəfər əhalinin yaşadığı Fındığan kəndini Giləzi-Xızı avtomagistralının 34-cü kilometrliyi ilə birləşdirən yolun ümumi uzunluğu 5 kilometrdir. Yol 4-cü texniki dərəcəyə aiddir. Hərəkət hissəsinin eni 6 metr olan yol ikizolaqlıdır.

Daha sonra o, “Xızı şəhərində və Altıağac qəsəbəsində içməli su təchizatı sistemlərinin yenidən qurulması və kanalizasiya şəbəkəsinin yaradılması” layihəsinin yekunlaşması ilə bağlı keçirilən mərasimdə iştirak edib..

Azərbaycan Hökuməti və Yaponiya Beynəlxalq Əməkdaşlıq Agentliyi tərəfindən birgə maliyyələşdirilən Xızı şəhəri və Altıağac qəsəbəsinin içməli su təchizatı sistemlərinin yenidən qurulması və ilk dəfə olaraq kanalizasiya şəbəkəsinin yaradılması layihəsi 2030-cu ilə qədər perspektiv inkişaf nəzərə alınmaqla Xızı şəhərində 3300, Altıağac qəsəbəsində isə 1500 nəfərin içməli su və kanalizasiya xidmətlərindən istifadəsinin yaxşılaşdırılmasına hesablanıb. Rayonun 3 kəndi də daxil olmaqla layihədən cəmi 6,3 min nəfər faydalanacaq. 

Prezident İlham Əliyev Xızı şəhərinə və Altıağac qəsəbəsinə içməli suyun verilməsini bildirən düyməni basıb.

Saat 13:35

Xaçmaza səfər etdikdən sonra prezidenti İlham Əliyev Xızıya gedib. Dövlət başçısı əvvəlcə Xızı şəhərinin mərkəzindəki Heydər Əliyev Parkında Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.

Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov parkda görülən işlər, həmçinin rayonda həyata keçirilən abadlıq və quruculuq tədbirləri barədə Prezident İlham Əliyevə məlumat verib. 

Saat 11:17

Bu gün Azərbaycan prezidenti İlham Əliyev Xaçmaz rayonuna səfərə edib. Dövlət başçısı əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin Xaçmaz şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoyub.

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayev İlham Əliyevə rayonda həyata keçirilən layihələr və qarşıda duran vəzifələr barədə məlumat verib. 

Tanışalıqdan sonra dövlət başçısı Xaçmaz şəhərinin su təchizatı və kanalizasiya sistemlərinin istismara verilməsi mərasimində və “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz idarəsinin inzibati binasının açılışında iştirak edib. Prezident Xaçmaz şəhərinə içməli suyun verilməsini bildirən düyməni basıb.

Dövlət başçısı həmçinin  “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Xaçmaz filialının,  Çarxı-Qalağan-Hacılar-Xanlıqoba-Sayad-Məmmədxanlı avtomobil yolunun yenidənqurma və bərpadan sonra açılışını edib.