Bu da deputatlarımızın yeni maaşları SİYAHI

04 May, 2018 10:45 | Siyasət | Baxış sayı: 690
Azərbaycan manatı
Azərbaycan manatı

Onların əlavə ödənişləri də artırılıb

Milli Məclis (MM) deputatlarının maaşları ilə yanaşı, onlara verilən əlavələr də artırılır. İstiPress-in report-a istinadla verdiyi məlumata görə, bununla bağlı “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” qanuna dəyişiklik edilir.

Qanunun 21-ci (Deputatın maddi təminatı) maddəsinə edilən dəyişikliyə əsasən, MM-in sədri 2475 manat (indiyədək 2250 manat olub), sədrin I müavini 2227 manat (indiyədək 2015 manat olub), Milli Məclis sədrinin müavini 2103 (indiyədək 1912.5 manat), Milli Məclisin komitə sədri 1980 manat (indiyədək 1800 manat olub), komitə sədrinin müavini 1 856, sıravi deputat isə 1732 manat (indiyədək 1575 manat olub) maaş alacaq.

Qanuna əsasən, Milli Məclisin sədri onun birinci müavini və müavinləri, Milli Məclisin komissiya sədrləri və onların müavinləri, Milli Məclisin deputatları deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarının 50 faizi məbləğində vergilərdən azad olunan aylıq pul təminatı alırlar. Bu məbləğ də nəzərə alınarsa, parlamentin sədri 3 min 712 manat 50 qəpik, sədrin I müavini 3 min 340 manat 50 qəpik, Milli Məclis sədrinin müavini 3 min 154 manat 50 qəpik, Milli Məclisin komitə sədri 2 min 970 manat, komitə sədrinin müavini 2 min 784 manat, sıravi deputat isə 2 min 598 manat maaş alacaq.

Qeyd edək ki, dəyişiklik layihəsi Milli Məclisin bu gün keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq. Dəyişikliyin mayın 1-dən tətbiq edilməsi nəzərdə tutulur.

Xatırladaq ki, ombudsmanın da maaşı artırılıb. Artıq insan haqları üzrə müvəkkil 2025 manat (məzuniyyətə çıxdığı vaxt onun müalicə olunması və istirahət etməsi üçün iki aylıq əmək haqqı - 4460 manat, pensiyası 1784 manat) əmək haqqı alacaq.