Azərbaycandan koronavirus qurbanı olan ölkələrə qeyri-adi dəstək

04 Aprel, 2020 15:40 | Siyasət | Baxış sayı: 243
Heydər Əliyev Mərkəzi
Heydər Əliyev Mərkəzi

Hər gün virusdan zərər çəkən bir dövlətin bayrağı əks edilib, musiqisi səslənəcək

Azərbaycanın koronavirus (COVID-19) pandemiyasının geniş yayıldığı ölkələrlə həmrəyliyinin rəmzi olaraq Heydər Əliyev Mərkəzinin binası üzərində videoproyeksiya təqdim edilib.

İlk olaraq Mərkəzin binası üzərində Çin Xalq Respublikasının bayrağı bu ölkənin musiqisinin müşayiəti ilə proyeksiya olunub. Qeyd edək ki, bu gün pandemiya qurbanlarının xatirəsinə ehtiram olaraq Çində matəm elan edilib.

"COVID-19" pandemiyasının yayılmasına qarşı Azərbaycanın beynəlxalq ictimaiyyətlə həmrəyliyinin ifadəsi olaraq hər gün virusdan zərər çəkən bir dövlətin bayrağı həmin ölkənin musiqisinin müşayiəti ilə dünya memarlıq abidələrindən olan Heydər Əliyev Mərkəzinin binası üzərində nümayiş etdiriləcək. Bununla Heydər Əliyev Mərkəzi "COVID-19"un geniş yayıldığı dövlətlərə və onların xalqlarına dəstəyini, hörmət və ehtiramını ifadə edir.

Mərkəzin binası üzərində proyeksiya hər gün saat 20:00-dan gecə saat 00:00-dək davam edəcək.