Azərbaycan vətəndaşlarını Rusiyadan gətirdi - karantinə yerləşdirildilər FOTO

04 Aprel, 2020 14:37 | Siyasət | Baxış sayı: 133
Rusiyadan gətirilən azərbaycanlılar
Rusiyadan gətirilən azərbaycanlılar

General-polkovnik Elçin Quliyev buraxılış məntəqəsini şəxsən yoxlayıb

Azərbaycan və Rusiya arasında əldə olun­muş razılı­ğa əsasən və Nazirlər Ka­bineti yanında Operativ Qərargahın 31 mart tarixli qərarına uyğun olaraq aprel ayı­nın 4-də saat 11:00-dan başlamaqla “Samur” dövlət sərhədindən bura­xılış məntəqəsində Rusiyadan ölkə ərazisinə gələn Azərbaycan Respub­likası vətəndaşlarının qəbulu, ölkə ərazisinə bu­ra­xılmaları, ilkin müayinə olunmaları və karantin rejimində təcrid edilmələri üzrə tədbirlər həyata keçirilib.

Dövlət Sərhəd Xidmətindən (DSX) verilən məlumata görə, ölkəyə daxil olan şəxsləri qarşılayan Azərbaycan sərhədçiləri tərəfindən sərhəd və gömrük nəzarətindən sonra “Tibbi Ərazi Böl­mə­lərinin İda­rəetmə Birliyi” (TƏBİB) ilə qarşılıqlı əlaqədə onların zəruri karantin rejimi tədbirlərinə cəlb olunmaları təşkil edilib. Dövlət sərhədini keçdikdən sonra vətəndaşların hər birinə xüsusi qoru­yucu maskalar və digər təhlükəsizlik vasitələri verilir, onlar Azərbay­canda elan olun­muş xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq sərhədyanı rayon­ların ərazisində bu məqsədlər üçün ayrılmış mərkəz­lərdə müəyyən olun­muş müddətlərdə karantin rejiminə yerləşdirilirlər.

Prezident İl­ham Əliyevin tapşırığına əsasən Dövlət Sər­həd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev “Samur” dövlət sər­hədindən buraxılış məntəqəsində olub və Rusiya Federasiya­sın­dan gələcək vətəndaşların qarşılanması və sanitar-karantin tədbir­lərinə cəlb olunması üzrə hazırlıq vəziyyətini yoxlayıb.