Polad Bülbüloğlunun ən böyük arzusu

04 Fevral, 2020 16:29 | Siyasət | Baxış sayı: 396

Cıdır düzü üçün yazılacaq Qələbə marşı

Azərbaycanın tanınmış oğlu - bəstəkar və müğənni, diplomat Polad Bülbüloğlu 75 illik yubileyini məhz cəbhə bölgəsində - Aprel döyüşlərində Lələ Təpə yüksəkliyini erməni işğalından azad etmiş  həbi hissənin əsgər və zabitləri ilə bir yerdə keçirdi.

Üzünü düşmən tapdağı altında qalan işğal zonasna tutaraq, vətəni Şuşanın havasını udmağa çalışdı, Şuşanın işğaldan azad olacağına inandığını dedi: “Mən də öz ata yurduma gedəcəyəm və “Cıdır düzü"ndə siz əsgərlərin qarşısında konsert verəcəyəm”.

Polad Bülbüloğlu o kəslərdəndir ki, Azərbaycanda hər bir insan onu öz doğması qədər sevir. Bəlkə də, bunda atasının - böyük Bülbülün oğlu olmasının rolu var. Amma Poladı yaxından tanıyan hər kəs bilir ki, o özü də bu sevgiyə layiq olmaq üçün az iş görməyib. Hələ tələbə ikən ifa etdiyi ilk “Bayatılar” kompozisiyasından başlayaraq bütün mahnıları ilə Azərbaycanı o vaxt tərkibində olduğu sovet məkanında sözün müsbət mənasında tanıtmağa çalışıb.

O vaxt bütün Sovetlər Birliyində Polad Bülbüloğlunu sevməyən biri tapılmazdı. Ən maraqlısı odur ki, bu sevgi bu günə kimi davam edir və postsovet məkanının indiki gəncləri də Poladı tanıyır və sevir. Azərbaycan müstəqillik qazandıqdan sonra isə Polad Bülbüloğlunun “Gəl, ey səhər” nəğməsi bir növ türk inteqrasiyasının açarına çevrildi - bu nəğmə Türkiyədən tutmuş Türküstana qədər böyük ərazimizdə 7-dən 70-ə hər kəs tərəfindən sevilir.

O, hər kəsin sevimlisidir. Təsadüfi deyil ki, 75 yaşı münasibəti ilə o, yüksək səviyyəli mükafatlara layiq görülüb. Azərbaycan prezidenti İlham Əliyev ad günü münasibəti ilə onu “Heydər Əliyev” ordeni ilə mükafatlandırıb. Rusiya prezidenti Vladimir Putin isə ona xüsusi təbrik məktubu göndərib.

Yüksək səviyyələrdə bu qədər nüfuz sahibi olmasına baxmayaraq, o, heç zaman xalqdan, sadə insanlardan uzaq düşməyib. Onun nazir olduğu vaxtları xatırlayan jurnalistlər bilir ki, istənilən qələm sahibi həmin vaxtlar onunla görüşüb müsahibə ala bilirdi. Nazir olsa da dəbdəbədən uzaq sadə bir həyat yaşayırdı.

Onun milyonlarla azərbaycanlının həyat tərzini bölüşmək istəyi ruhunun və bədəninin ayrılmaz cizgisinə çevrilmiş vətənpərvərliyindən doğurdu. Başı siyasətdən az-çox çıxan istənilən adam bilir ki, Rusiyada səfir kimi vətənə xidmət edən Polad Bülbüloğlu tutduğu vəzifəsində asılı olaraq diplomatik normalara riayət etməyə çalışsa da, heç vaxt Azərbaycana olan böyük sevgisini gizlədə bilmir.

Bu gün Lələ Təpə yüksəkliyinə baş çəkəndə isə o, bəlkə də, həyatının ən ülvi diləyi olan böyük arzusunu gizlətməyib: “Bu gün Şuşanın ətəyini görmək, Şuşanın dağlarını görmək məni çox duyğulandırdı. Bu gənc əsgərlərimizlə bir yerdə olmaq məni qürurlandırır. Mənim üçün, çox xoşbəxt bir gündür. Burada olmaq məni ilhamlandırdı. Qələbə marşını özüm yazacağam”,- deyə bildirib.

Ad günün mübarək, Böyük İnsan! Gün o gün olsun ki, Tanrı növbəti yubileyini çox sevdiyin Şuşada keçirməyi nəsib etsin!