Libaridyan: 9 noyabr sənədinə imza atan Paşinyan Azərbaycanın ərazi bütövlüyünü tanıyıb

03 Dekabr, 2020 11:56 | Siyasət | Baxış sayı: 84
Jirayr Liparityan
Jirayr Liparityan

9 noyabr atəşkəs bəyanatı faktiki olaraq, Qarabağ məsələsinə son qoyur, sənəd Azərbaycanın ərazi bütövlüyü prinsipinə əsaslanır.

İstiPress-in məlumatına görə, bu fikri erməni diplomatiyasının veteranı, ilk Ermənistan prezidentinin müşaviri, 1991-1997-ci illərdə Qarabağ danışıqlarında iştirak etmiş Jirayr Libaridyan BBC-yə müsahibəsində deyib.

"Onu Ermənistanın Baş naziri Paşinyan imzalayıb. Və bunu artıq heç kim dəyişdirməyəcək. Azərbaycanlılar qayıdacaq və Azərbaycan hakimiyyəti onların maksimum sayda çox olması üçün səylərini əsirgəməyəcək. Biz isə soydaşlarımızın, Qarabağ ermənilərinin geri qayıtmasını istəyirik. Ancaq onlar belə bir Qarabağa qayıtmağa hazır olacaqmı? Və [Qarabağ ermənilərinin] kütləvi qayıdışı olmazsa, Qarabağın bundan sonrakı statusunu müzakirə etməmək də olar",- deyə Jirayr Libaridyan vurğulayıb.

Onun sözlərinə görə, Rusiya Prezidenti Putin və digər dünya liderləri Qarabağın statusunun müəyyənləşdirilmədiyini deyəndə, onlar Qarabağın müstəqilliyinin mümkün olduğunu nəzərdə tutmurlar: "Onlar bunun imkansız olduğunu - [Qarabağın] Azərbaycanın tərkib hissəsi olduğunu artıq deyiblər. Bunu çox aydın şəkildə ifadə ediblər. Rusiya diplomatları Qarabağı Azərbaycanın tərkibi saymayan bir dənə də olsun layihəyə dəstək verməyiblər. Onların atdıqları yeganə addım - status məsələsini təxirə salmağa razılıq olub. [9 noyabr] bəyanatı aydın şəkildə göstərir ki, müstəqil və ya Azərbaycan tərkibindəki Qarabağ arasında seçim barədə söhbət gedə bilməz. Bu seçim artıq mövcud deyil".

Jirayr Libaridyanın fikrincə, danışıqlar indən belə yalnız iki ssenari haqqında aparıla bilər: "Yəni erməni Qarabağı Azərbaycan daxilində coğrafi, müəyyənləşmiş ərazi vahidimi olacaq, yoxsa ermənilər İlham Əliyevin bəhs etdiyi və azlıq üçün ərazi hüquqlarını nəzərdə tutmayan mədəni muxtariyyət alacaqlar?  Bu, Türkiyə və ya İran ermənilərinin vəziyyətinə bənzəyir - dini azlıq kimi onlar müəyyən muxtariyyətə sahibdir - öz kilsələri, məktəbləri, qəzetləri, nəşriyyatları və erməni dili dərsləri var. Ancaq öz əraziləri mövcud deyil".