İrəvanda Njdeyə görə Qriboyedovdan qisas aldılar

03 Dekabr, 2019 09:55 | Siyasət | Baxış sayı: 188
Qriboyedovun İrəvanda təhqir olunmuş abidəsi
Qriboyedovun İrəvanda təhqir olunmuş abidəsi

Abidəni təhqir edən yerli millətçi-fəal Şaqen Arutyunyandır

İrəvanda ötən gün axşam saatlarında rus diplomatı, şair və dramaturqu Aleksandr Qriboyedovun abidəsi təhqir olunub.

İstiPress-in məlumatına görə,  bu haqda Rusiyanın “Vestnik Kavkaza”  saytı yazır.

Abidəni təhqir edən və onun üzərinə qırmızı boya tökən isə yerli millətçi-fəal Şaqen Arutyunyandır. Arutyunyan özü bu haqda Facebook-da bildirib.

“Rusiya imperiyasının səfiri, şair Qriboyedovun abidəsinə Njdenin xatirə lövhəsinin təhqir olunmasına cavab olaraq qırmızı boya tökdüm”,-erməni millətçisi yazıb.

Şaqen Arutyunyan “Vahid milli təşəbbüslər” partiyasının lideri Şant Arutyunyanın oğludur.

“Mən bunu bilərəkdən dekabrın 2-də-Ermənistanın bolşevikləşdirilməsi və Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri günüdə elədim”,-Ş.Arutyunyan bildirib.

Xatırladaq ki, noyabrın 13-də Rusiyanın Krasnodar vilayətinin Armavir şəhərində yerli deputat Aleksey Vinoqradov faşist  Njdeyə erməni kilsəsinin həyətində qoyulmuş xatirə lövhəsini qara boyayıb. Daha sonra yerli sakinlər lövhənin sökülməsi məsələsini qaldırıblar. Noyabrın 30-da lövhənin söküldüyü məlum olub.