Həmsədrlər Bakıya və İrəvana gedib, bəyanat yaydılar

03 Noyabr, 2018 08:19 | Siyasət | Baxış sayı: 38
ATƏT nümayəndələri Qarabağda
ATƏT nümayəndələri Qarabağda

Bəyanatda görüş keçirmək barədə razılığa gəldikləri qeyd olunub

ATƏT-in Minsk qrupunun həmsədrləri -İqor Popov (Rusiya), Stefano Viskonti (Fransa), Endryu Şofer (ABŞ) və qurumun fəaliyyətdəki sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə birgə Cənubi Qafqaz regionuna səfərlərinin yekunu ilə bağlı bəyanat yayıblar.

Səfərin əsas məqsədi kimi MDB-nin Düşənbədə keçirilən zirvə görüşü çərçivəsində Azərbaycanla Ermənistan liderləri arasındakı danışıqların nəticələrini müzakirə etmək, sülh prosesində bundan sonra atılacaq addımları müəyyənləşdirmək olduğu qeyd edilib. 

Onlar səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri əvəzi Nikol Paşinyanla görüşlər keçirib, Ağdam rayonu ərazisində, Azərbaycanla Ermənistan qoşunlarının təmas xəttindəki növbəti monitorinqdə iştirak edib, Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) və Qızıl Aypara Cəmiyyəti, BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı nümayəndələri ilə vəziyyəti müzakirə ediblər. Həmsədrlərlə görüşlər zamanı hər iki ölkənin liderləri təmas xəttindəki vəziyyətin xeyli səngidiyini təsdiqləyiblər.

Həmçinin Azərbaycanla Ermənistanın xarici işlər nazirlərinin ilin sonunadək görüş keçirmək barədə razılığa gəldikləri də qeyd olunur.