Paşinyanın komandası əl-ayağa düşdü

03 Oktyabr, 2019 10:45 | Siyasət | Baxış sayı: 176
Nikol Paşinyan
Nikol Paşinyan

Putin erməni nazir üçün vaxt tapamadı

Nikol Paşinyanın komandası baş nazirin çökən reytinqini qaldırmaq üçün nə etməyin lazım olduğunu düşünür. “Qraparaq” yazır ki, bütün analitiklər hesab edirlər ki, bunun üçün Paşinyan ilk olaraq Rusiya ilə pisləşən münasibətləri yoluna qoymalıdır. Rus lider Vladimir Putinin İrəvana səfəri ilə bağlı ümidlər çox böyük idi. Amma əbəs...

Erməni politoloqlar həyəcanla son dövrlərdə Rusiya ilə Azərbaycan arasında əlaqələrinin yeni səviyyəyə yüksəldiyini deyirlər. Bunun ən yaxşı sübutu da Azərbaycan lideri İlham Əliyevin Rusiyaya “Valday Klubu”nda iştiraka dəvət edilməsidir.

Putinin İirəvan səfəri də onların ümidlərini doğrultmadı. İlk öncə Putinin Paşinyanla görüşməyəcəyi ilə bağlı informasiya yayıldı. Amma bu görüş sonradan - rus liderin uçuşuna az zaman qalmış hava limanında baş tutdu. Keçmiş prezident Robert Koçaryanın arvadı ilə görüş üçün Putin vaxt tapmışdı. “168 Jam” qəzeti yazır ki, Putin və Bella Koçaryan çay süfrəsi arxasında söhbət ediblər. Paşinyanla görüş üçün isə rus liderin vaxtı çatmayıb və nəticədə danışıqlar hava limanında ayaqüstü formada olub. Çaysız...

Erməni nazir isə görüşün nəticələri haqqında açıqlamasında danışarkən yenə də Ermənistan –Rusiya əlaqələrinin müsbət və etibarlı səviyyədə olduğunu deyib. 

Çətin ki, İrəvanda keçirilən sammit erməni nazirin 25 faizə kimi enən reytinqinin yüksəlməsinə yol açsın. Erməni mətbuatı qeyd edir ki, reytinqin müəyyən edilməsi üçün qoyulan suallarda Paşinyanın ABŞ-a  iflasa uğrayan səfəri barədə sual qoyulmayıb. Bu onun nəticələrini daha aşağı sala bilərdi.

Qeyd edək ki, ötən gün “Valday klubu"nun toplantısında çıxış edən Rusiya XİN başçısı Sergey Lavrov Qarabağ probleminə də toxunub. Öz nitqində Paşinyanın məsuliyyətsiz bəyanatından danışıb. Lavrov Nikol Paşinyanın avqustun 5-də Xankəndində səsləndirdiyi “ Qarabağ Ermənistandır, nöqtə” bəyanatının danışıqlar prosesini əngəllədiyini təsdiqləyib. 

Bu isə Paşaianyanın erməni-rus münasibətlərinin yaxşı olması barədə dedikləri ilə ziddiyyət təşkil edir.