Paşinyan qorxuya düşdü - xalqı küçələrə tökdü FOTOLAR

03 Oktyabr, 2018 09:20 | Siyasət | Baxış sayı: 254
Paşinyan mitinqdə
Paşinyan mitinqdə

"Mən istefa verə bilərəm, amma...."

İrəvanda daha bir inqilab. Baş nazir Nikol Paşinyan yenidən insanları küçələrə meydanlara toplayıb. Parlamentin binası qarşısında ötən axşam keçirilən mitinqin səbəbi yeni qəbul edilən qanun olub.

Belə ki, parlament səs çoxluğu ilə reqlamentində dəyişiklik edib. Bu dəyişiklik baş nazirinin ikinci dəfə seçilməsinə zərurət yaranacağı təqdirdə qanunvericilik orqanının buraxılmasının qarşısını almağa, növbədənkənar parlament seçkinin keçirilməsinin vaxtını uzatmağa   imkan verir. 

Paşinyan mitinq edənlərin qarşısına çıxaraq yenidən bunun əksinqilab olmasından, hakimiyyəti ələ keçirmək istəklərindən danışıb. O, kütlənin alqış sədaları altında partiyaları parlamentdə qəbul edilən adıçəkilən qanunu dəstəkləyən 6 naziri işdən qovub.

Mitinq edənlər parlament binasını mühasirəyə alıblar, bəziləri hətta binanın həyətinə də giriblər. Nəticədə 70 deputat və onlarla jurnalist binada çıxılmaz vəziyyətdə qalıb. 

İrəvan polisinin rəhbəri isə baş verənləri diqqətlə izlədiklərini, amma heç bir qanun pozuntusu görmədiklərini deyib.

Bununla da Paşinyan növbəti dəfə kütlənin köməyi ilə erməni deputatlarına qarşı gücdən istifadə edib. Deputatlar onlarla danışığa gələn baş nazirin bütün şərtlərini qəbul etməyə məcbur olublar. Baş nazir danışqlardan sonra bildirib ki, ölkədə siyasi böhran hökm sürür. “Mən istefaya getməyi təklif etdim. Başqa partiyalar da öz namizədlərini irəli sürə bilərlər. Amma yaxşı olar ki, xalqı hiddətləndirməmək üçün bunu etməyək. Dekabrda biz növbədənkənar seçki keçirəcəyik. Deputatlar bildiriblər ki, xalqın mesajını anlayıblar və ona hörmətlə yanaşırlar”. O, hətta xəbərdarlıq da edib -  istefa versə belə baş nazir vəzifələrini yeni təyinata kimi icra edəcək.

İrəvanda baş verən hadisələr bir daha ölkəni qanunun yox, Paşinyanın sözü ilə oturub-duran kütlənin idarə etdiyini göstərdi. Amma bu yəqin ki, uzun sürməz. Çünki qış və iqtisadi vəziyyət hələ mitinq edənlərin çoxuna təsir edəcək.