Ordusuz generalın son cəhdi

03 Oktyabr, 2018 17:51 | Siyasət | Baxış sayı: 565
Paşinyan parlament önündə xalqı küçələrə çağırır
Paşinyan parlament önündə xalqı küçələrə çağırır

Paşinyanın Rusiyadan oğurlayıb NATO-ya aparmaq planı

Rusiyalı jurnalist Vladimir Solovyev İrəvanda mer seçkilərindən sonra baş nazir Nikol Paşiyanı “Ordusuz general” adlandırıb.

İstiPress-in məlumatına görə, “Kommersant”da yazdığı məqaləsində Vladimir Solovyev məzhəkəçi aktyor Hayk Marutyanın İrəvan meri seçilməsini şərh edib.

“Əgər təbliğatını Nikol Paşiyan aparsaydı, kətil də İrəvanın meri ola bilərdi. İndiki erməni reallığı budur: insanlar dəyişiklik istəyirlər və dəyişiklikləri təcəssüm etdirən bir insan var, o da Paşiyandır”,- deyə Solovyev bildirir.

Müəllifin fikrincə, istedadlı natiq olan Paşiyanın əlində olan yeganə resurs küçədir: “O gizlətmir ki, son qələbəyə qədər küçədən istifadə edəcək. Yəni hakimiyyəti tam əlinə keçirənə kimi. Amma bu, yalnız o zaman ola bilər ki, əlinin altında loyal parlament olacaq”.

Məqalədə bildirilir ki, Nikol Paşinyan 5 aydan artıq baş nazirliyi dövründə islahat sayıla biləcək heç bir addım atmayıb. Nazirləri və müşavirləri asanlıqla işdən çıxarması göstərir ki, onun komandası yoxdur.    

“O deyir ki, korrupsiyaya qarşı vuruşur. Əslində isə bir sıra keçmiş və indiki məmurlara qarşı cinayət işi qaldırır… Bu, korrpusiyaya qarşı deyil, korrupsionerlərə qarşı mübarizədir (onların da günahını sübut etmək lazımdır), yəni fərqli məsələlərdir”,- deyə “Kommersant” yazır. Qəzet həm də Paşiyanın elektoratının Qərb yönümlü olduğun xüsusi vurğulayır.

İrəvanda parlment çoxluğu ilə küçələrə güvənən Nikol Paşiyan arasında münaqişə başlayıb və dünən axşam parlament hökumətin istefası zamanı təkrar seçkilərə gedilməsini çətinləşdirən qanun qəbul edib. Bu, Paşiynanın daşnakları və Sarukyan blokunu təmsil edən nazirləri işdən çıxarması ilə nəticələnib.

Təbii ki, ilk baxışda küçələrə güvənən və İrəvan merinə seçkilər zamanı partiyasının adına 81 faiz səs yazmış Paşiyan güclü görünür. Lakin Ermənistan siyasətinə Rusiyanın xüsusi təsirinin olduğu nəzərə alınarsa,  Moskvanın kimi dəstəkləməsindən də çox şey asılı olacaq. Rusiyanın aparıcı qəzetlərindən biri olan “Kommersant”ın Paşiyanın elektoratının qərb yönümlü olmasını dəfələrlə vurğulaması Rusiyanın qarşı tərəfi dəstəkləyəcəyi ehtimalını artırır.

Təbii ki, ola bilər ki, bunu Nikol Paşinyan da anlayır və obrazlı dillə deyilsə, Rusiyanın başının qərbə qarışdığı bir zamanda Ermənistanı oğurlayaraq NATO-ya aparmaq istəyir. Parlament seçkilərini də tələsdirmək cəhdi bununla bağlıdır. Amma Moskva da yatmayıb və yəqin ki, Paşinyan üçün yeni sürprizlər hazırlayır. Bu isə qarşıda İrəvanı qızmar payızın və ola bilər ki, hətta qaynar qışın gözlədiyini göstərir.