İlham Əliyev və Mehriban Əliyeva yeni tədris korpuslarının açılışında

03 Sentyabr, 2020 13:58 | Siyasət | Baxış sayı: 76
İlham Əliyev və Mehriban Əliyeva
İlham Əliyev və Mehriban Əliyeva

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Bakının Yasamal rayonundakı 3 saylı tədris korpusu yenidən inşa olunaraq istifadəyə verilib.

AZƏRTAC xəbər verir ki, sentyabrın 3-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Murtuza Muxtarov küçəsində yerləşən yeni tədris korpusunun açılışında iştirak ediblər.

Dövlətimizin başçısı və birinci xanım tədris korpusunda yaradılan şəraitlə tanış oldular.

Təhsil naziri Emin Əmrullayev və UNEC-in rektoru Ədalət Muradov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya görülən işlər barədə məlumat verdilər.

Bildirildi ki, tikintisinə 2018-ci ildən başlanılan və müasir standartlara cavab verən yeni tədris korpusu köhnə binanın fasadı saxlanılmaqla inşa edilib. Müasir kampus standartlarına cavab verən, modern memarlıq elementləri ilə zəngin olan, 4 binadan ibarət yeni tədris korpusunda texniki və texnoloji ixtisaslar üzrə 3 min tələbə təhsil ala biləcək. Binada 30 auditoriya, 6 mühazirə, 6 linqafon otağı, ən müasir texnoloji avadanlıqla təchiz olunan 14 laboratoriya, geniş idman zalı, ikimərtəbəli kitabxana, böyük və kiçik konfrans zalları var. Burada təlim-tədrisi yüksək səviyyədə aparmaq üçün hərtərəfli şərait yaradılıb.

11:4o

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 3-də Bakının Yasamal rayonundakı Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin əsaslı təmirdən sonra açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı və birinci xanım əsaslı təmirdən sonra binada yaradılan şəraitlə tanış oldular.

Məlumat verildi ki, Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin yerləşdiyi bina 1904-cü ildə inşa edilib. Ötən 116 ildə bina müxtəlif dövrlərin reallıqlarını yaşayıb: hospital, ümumtəhsil məktəbi, 1940-cı ildən isə musiqi məktəbi kimi fəaliyyət göstərib. Binanın memarlıq üslubu və fasadının ilkin görünüşü saxlanılmaqla Heydər Əliyev Fondu tərəfindən 2020-ci ildə əsaslı təmir olunub.

Hazırda məktəbdə fortepiano, skripka, gitara, klarnet, saksofon, vokal, xanəndə, tar, kamança, qarmon, nağara, rəssamlıq, xoreoqrafiya, nəzəriyyə və tədris köməkçi fənləri ixtisasları üzrə 385 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 78 müəllim məşğul olur. Məktəbin səs izolyasiyasına xüsusi diqqət yetirilən bütün tədris otaqları əyani vəsaitlərlə təmin olunub. İncəsənət məktəbinin ikimərtəbəli binasında 15 fərdi tədris otağı, nəzəriyyə otaqları, kitabxana, dərzi otağı, konfrans zalı, rəssamlıq otaqları, xoreoqrafiya zalı, yeməkxana və səsyazma studiyası fəaliyyət göstərir. Məktəbdə Vaqif Mustafazadə guşəsi yaradılıb. Vaqif Mustafazadənin şəxsi əşyalarının olduğu bu guşədən həm də tədris otağı kimi istifadə ediləcək.

Qeyd edək ki, dünya şöhrətli caz ustası Vaqif Mustafazadə 1949-1956-cı illərdə burada fortepiano ixtisası üzrə təhsil alıb. Azərbaycanın bir sıra görkəmli bəstəkarları və incəsənət xadimləri bu məktəbin yetirmələri olublar.