Xarici kəşfiyyata işləyən MTN əməkdaşının məhkəməsi başlayır

03 Sentyabr, 2019 14:59 | Siyasət | Baxış sayı: 130
Şpion - CANLANDIRMA
Şpion - CANLANDIRMA

Zakir İsmayılovun xarici xüsusi xidmət orqanları ilə gizli və şifrəli yazışmaları aşkar edilib

MTN-dəki hadisələr barədə xaricə məlumat ötürməkdə təqsirləndirilən şöbə rəisinin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

İstiPress-in məlumatına görə, 2015-ci ildə nazir Eldar Mahmudov vəzifəsindən çıxarılandan sonra tutulan MTN generalı ilə bağlı aparılan istintaq çərçivəsində başqa cinayət halları da ortaya çıxıb. İstintaq zamanı müəyyən edilib ki, xarici xüsusi xidmət orqanları tərəfindən maddi maraq müqabilində, xüsusi təxəllüs verilməklə məxfi əməkdaşlığa cəlb edilmiş Azərbaycan vətəndaşı 1959-cu il təvəllüdlü İsmayılov Zakir Əlibala oğlu keçmiş Milli Təhlükəsizlik Nazirliyində şöbə rəisi və digər məsul vəzifələrdə işlədiyi dövrdə Azərbaycanın dövlət təhlükəsizliyi və milli maraqları zərərinə fəaliyyət göstərərək, tutduğu vəzifələrə görə ona məlum olan, habelə əldə edə bildiyi əks-kəşfiyyat fəaliyyəti üzrə sənədlər, şəxsi heyət barədə və digər məxfi məlumatları, eləcə də 2015-ci ildən etibarən təqaüddə olduğu dövrdə keçmiş əlaqə və imkanlarından istifadə edərək təhlükəsizlik orqanlarında baş verən dəyişikliklər barədə məlumatları, Azərbaycan xüsusi xidmət orqanlarına qarşı kəşfiyyat işlərinin mümkün üsulları barədə təhlillərini müntəzəm xarici xüsusi xidmət orqanına təqdim etməklə dövlətə xəyanət edib.

İstintaq zamanı Zakir İsmayılovun xarici xüsusi xidmət orqanları ilə gizli və şifrəli yazışmaları, xarici xüsusi xidmət orqanlarına göndərilmiş sənədlər, gizli toplanılmış məlumatların olduğu elektron daşıyıcılar, səsyazmalar və iş üzrə əhəmiyyət kəsb edən digər çoxsaylı materiallar aşkar edilib. Zakir İsmayılov Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə məsuliyyətə cəlb edilərək həbs edilib.

İstintaq gedişatından Nəzakət İsmayılovanın da onunla əlbir olması müəyyən edilib və o da cinayət işinə təqsirləndirilən şəxs qismində cəlb edilib. Cinayət işi materialları baxılması üçün bakı Hərbi Məhkəməsinə göndərilib.

İşə hakim Camal Ramazanovun sədrliyi ilə baxılacaq.