İran böyük hücuma hazırlaşır

03 Yanvar, 2018 14:29 | Siyasət | Baxış sayı: 963
İranın "Bəsic" qruplaşması məşq zamanı
İranın "Bəsic" qruplaşması məşq zamanı

Tehranın üç qruplaşmanı fəallaşdıracağı gözlənilir

Yaxın günlərdə İrandakı hadisələrin nə ilə nəticələnəcəyi məlum olacaq - ya hadislər 1978-79-cu illərdəki davam edən xaos halını alıb dövlət institutlarının dağıdılması ilə nəticələnəcək, ya da ki, hələ özünü göstərməyən İran xüsusi xidmətləri fəallaşaraq etirazçıları zərərsizləşdirəcəklər.

İstiPress-ə bu barədə müsahibəsində politoloq Tofiq Abbasov bildirib. Onun sözlərinə görə, böyük ehtimalla ikinci variant gerçəkləşdiriləcək: “Hələ ki, İran xüsusi xidmətləri öz güclərinin cüzi hissəsini göstərirlər. Yəqin ki, videomaterialları öyrənirlər, etirazçıların şəxsiyyətləri müəyyən edilir, daha sonra tədbir görüləcək”.

Politoloqun fikrincə, İranın hələ ki, arxa planda da qalan qüvvələri sırasına “Bəsic”, İnqilab Mühafizləri Korpusu və İntizam Müdafiəçiləri daxildir: “Bu qüvvələr hərəkətə keçdikdən sonra İranda çox qanlar axacaq”,- deyə Tofiq Abbasov vurğulayıb.

İranda isə etirazçıların içində bir neçə siyasi qüvvə - həm monarxistlər, həm solçular, həm də ifrat radikallar müşahidə edilir. Artıq 40 nəfər ölüb və 450 nəfər həbs edilib. Etiraz aksiyaları bu gün də səngiməyib və toqquşmalar olub.

İran hakimiyyəti ölkədə vəziyyətin xaricdən gərginləşdirildiyini bildirir və əsas günahkar kimi ABŞ-ın, İsrailin və Səudiyyə Ərəbistanının adını çəkir.  İranın ali dini lideri Əli Xamneyi çıxış edərək İranda iğtişaşları böyük maliyyə gücünə malik dövlətlərin təşkil etdiyini bildirib: “Düşmənlər məqam gözləyirlər ki, İran xalqının İslam İnqilabı hesabına əldə etdiyi idealları və rifahı m əhv etsinlər",

Hələ ki, konkret olaraq bu ölkələrin İrana hansı yollarla müdaxilə etməsi müəyyən edilməsə də, politoloq Fikrət Sadıxov İstiPress-ə müsahibəsində yaxın günlərdə İrandakı iğtişaşların həqiqi təşkilatçısının kim olduğunuin  məlum olacağını bildirib: “Bu məluümdur ki, ABŞ İranda baş verən iğtişaşlarla bağlı BMT Təhlükəsizlik Şurasının (TŞ) iclasını çağırmağı təklif edib”.

Tehranın strateji müttəfiqi Rusiya İrandakı vəziyyətlə bağlı konkret mövqe bildirməsə də, XİN sözçüsü Mariya Zaxarova öz “Facebook” səhifəsində ABŞ-ın BMT-dəki xüsusi nümayəndəsi Nikki Heyli tərəfindən səsləndirilən  bu təklifə ironik yanaşıb. “Şübhə yoxdur ki, ABŞ nümayəndə heyətinin dünyaya deməyə sözü var.  Məsələn, Nikki Heyli etiraz aksiyalarının dağıdılması üzrə ABŞ təcrübəsindən danışa bilər” yazan Mariya Zaxarova 2011-ci ildə ABŞ-ın “Occupy Wall Street” hərəkatını yatıran zaman və 2014-cü ildə Ferqüsonun “təmizlənməsi” zamanı kütləvi həbslərə əl atdığını xatırladıb.

Azərbaycana gəldikdə isə, rəsmi Bakı, 30 milyona yaxın soydaşımızın yaşadığı cənub qonşumuzda  sabitliyin olmasında maraqlıdır.  "Azərbaycan tərəfi İrandakı hadisələrin İran İslam Respublikasının qanunlarına uyğun olaraq sülh şəraitində olmasını arzulayır",- deyə Azərbaycan Xarici İşlər Nazirliyi son günlərdə İranda baş verən hadisələrə münasibət bildirib.

Ayətullah Xamneyinin Azərbaycan dilində çıxışı

Bunun da səbəbi var. Təsadüfi deyil ki, İranda etiraz nümayişləri başlanan kimi 1925-1979-cu illərdə İranı idarə etmiş Pəhləvi ailəsinin vəliəhdi Rza Pəhləvi sosial şəbəkədə bəyanat yayaraq İrandakı iğtişaşları maksimum dəstəklədiklərini bildirib. Etiraz nümayişlərində Pəhləvi ailəsini İrana hakimiyyətə dəvət edənlər də olub. Pəhləvi aliəsi nə qədər əslən Bakıdan olduqlarını, evdə türkcə və rusca danışdıqlarını qabartsa da, dövlət siyasəti kimi farş şovinizminə üstünlük verirlər. Bu rejimin hakimiyyəti dövründə İran məktəblərindən azərbaycanlı uşaqlar öz dilində danışanda cərimə olunurdular. İslam rejimində isə İranın milliyyətcə azərbaycanlı olan ali dini lideri Seyid Əli Xamneyi Tehranda azərbaycanlı məktəblərlə söhbət edəndə “Türkcə bilirsənmi?” deyə sual vermişdi, sonra isə azərbaycanlı valideynlərə “Övladlarınıza türk dili öyrədin” məsləhətini vermişdi. Yəni fərq göz qabağındadır.