PA-nın yeni rəhbərindən ilk açıqlama

02 Noyabr, 2019 09:00 | Siyasət | Baxış sayı: 180
Samir Nuriyev
Samir Nuriyev

"Etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm"

Ramiz mehdiyevin yerinə təyinat alan Prezident Administrasiyasının yeni rəhbəri Samir Nuriyev ona göstərilən etimada görə dövlət başçısına təşəkkür edib.

Bu barədə S.Nuriyev özünün "Facebook" səhifəsində yazıb: “Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev məni Prezident Administrasiyasının rəhbəri vəzifəsinə təyin edib. Bu təyinat mənim üçün çox böyük şərəf və məsuliyyətdir.

Mənə göstərilən bu yüksək etimada görə Möhtərəm Prezidentə öz dərin minnətdarlığımı bildirirəm. Etimadı doğrultmaq üçün əlimdən gələni əsirgəməyəcəm".

Xatıladaq ki, 1975-ci ildə anadan olan S.Nuriyev 1991-ci ildə Azərbaycan Texniki Universitetinə daxil olaraq 1996-cı ildə həmin Universitetin Mühəndis biznesi və menecment fakültəsini mühəndis-iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2003-2005-ci illərdə təhsilini ABŞ-ın Dyuk Universitetində davam etdirərək Beynəlxalq İnkişaf Siyasəti üzrə magistr dərəcəsini əldə edib. 

1996-2003-cü illərdə Samir Nuriyev müхtəlif özəl şirkətlərdə və beynəlxalq təşkilatlarda iqtisadçı, marketinq üzrə menecer və layihə koordinatoru vəzifələrində, o cümlədən: 2000-2001-ci illərdə BMT İnkişaf Proqramının Azərbaycan ofisində biznes-məsləhətçi vəzifəsində malışıb. 

2006-cı ildə o, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyində Sahibkarlığın inkişafı departamentinin direktoru vəzifəsinə təyin edilib. 

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən Samir Nuriyev 2009-cu ildə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəis müavini, 2013-cü ildə isə həmin İdarənin rəisi vəzifəsinə təyin edilib. 

Ölkə başçısının 12 aprel 2016-cı il tarixli müvafiq Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Mənzil İnşaatı Dövlət Agentliyinin direktoru vəzifəsinə təyin edilib. 

Azərbaycan Respublikası Prezidentinin 14 fevral 2018-ci il-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri olub. 

Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2018-ci il-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri vəzifəsində çalışıb. 

Azərbaycan Respublikası Prezidentinin 1 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri təyin edilib. 

2015-ci ildən Azərbaycan Memarlar İttifaqının fəxri üzvüdür.