Türkiyə və ABŞ qarşılıqlı şəkildə sanksiyaları ləğv etdilər

02 Noyabr, 2018 20:31 | Siyasət | Baxış sayı: 99

ABŞ xarici işlər naziri Mayk Pompeonun açıqlaması Ankaranı sevindirib

Türkiyə və ABŞ qarşılıqlı şəkildə sanksiyaları ləğv ediblər.

İstiPress-in “Hürriyet”ə istinadən məlumatına görə, bunu Türkiyə Enerji və Təbii Qaynaqlar naziri Fatih Dönmez Türkiyə Böyük Millət Məclisində jurnalistlərin suallarını cavablandırarkən bildirib.  

ABŞ xarici işlər naziri Mayk Pompeonun axşam saatlarında İrana tətbiq olunacaq sanksiyalarla bağlı verdiyi şərhə toxunan nazir Dönmez deyib: "Hörmətli cənab nazirin Türkiyənin də aralarında olduğu 8 ölkəyə qarşı sanksiyaların qaldırılmasına və ya məhdudlaşdırılması istiqamətli bir şərhi olub. İlk öncə, bu müsbət şərhə görə, əslində, mən məmnunluğunu ifadə etmək istəyirəm",- deyə Dönmez bildirib.

Qeyd edək ki, ABŞ vətəndaşı, keşiş Endryu Bransona qarşı cinayət işi ilə əlaqədar Ağ ev Türkiyənin ədliyyə naziri Əbdülhəmit Gül və daxili işlər naziri Süleyman Soyluya sanksiya tətbiq etmişdi.

Türkiyə tərəfi də buna cavab olaraq ABŞ-ın daxili işlər naziri Rayan Zinke və ədliyyə naziri Ceff Seşins barədə oxşar addım atmışdı.

Xatırladaq ki, Türkiyədə casusluqda ittiham olunan ABŞ vətəndaşı, keşiş Endryu Branson oktyabrın 12-də azadlığa buraxılıb.