Erməni ekspertlər: Paşinyan müharibəni uduzacaq

02 Noyabr, 2018 18:32 | Siyasət | Baxış sayı: 666
Pashinyan "köhnələrin" əhatəsində
Pashinyan "köhnələrin" əhatəsində

Ermənistan baş naziri əsas düşməninin yolu ilə getməyə qərar verib

Narıncı inqilab günlərində Nikol Paşinyanı müdafiə etmiş bir sıra erməni şərhçilər artıq indidən onu da Serj Sarkisyanın taleyinin gözlədiyini proqnozlaşdırmağa başlayıblar.

İstiPress-in məlumatına görə, belə şərhçilərdən biri olan Sarqis Arsruni “1in.am”da yazdığı məqaləsində Paşinyanın nəzarətində olan deputatların yeni seçki məcəlləsi əvəzinə, növbədən kənar parlament seçkilərinə getmək barədə qərarına üstünlük verməsini məğlubiyyət adlandırıb.  

Arsruninin fikrincə, Paşinyan ilk növbədə Ermənistanın reytinqə əsaslanan seçki sistemini ləğv etməli idi. Həmin sistemə görə, seçicilər həm partiyaya, həm də partiya daxilində seçdikləri nüfuzlu şəxslərə səs verə bilərlər. Bu isə siyasətə heç bir dəxli olmayan nüfuzlu şəxslərin yenidən parlamentdə oturması deməkdir. Arsruni Ermənistan üçün proporsional seçki sistemini daha məqbul sayır.

Onun sözlərinə görə, yeni parlamentin legitimliyinin əsasında seçkinin nəticələri deyil, Paşiyanın reytinqi dayanacaq: “Şəxsiyyətə yönələn sistemlər bir qayda olaraq sabit deyil… liderin reytinqinin düşməsindən sonra ciddi dilemma ilə üzləşir və institusional böhran yaşanır ki, bu da növbədən kənar seçkiləri qaçılmaz edir”.

Bir sözlə, müəllifin sözlərindən belə anlaşılır ki, Paşinyan hətta 9 dekabr seçkilərini udsa belə, Serj Sarkisyanla və köhnə sistemlə başladığı müharibəni artıq bəri başdan uduzmuş sayılacaq. Müəllif belə güman edir ki, dekabrın 9-dan sonra erməni parlamentində elə ciddi dəyişiklik olmayacaq - keçmiş iqtidar Respublika Partiyası, Sarukyan bloku, Daşnakustyun və Paşinyanın rəhbərlik  etdiyi “Mənim addımım” bloku parlamentdə təmsil olunacaq. Tək fərq Paşiyanın blokunun parlament üstünlüyünə malik olması olacaq.

Əslində, Paşinyan seçki məcəlləsini dəyişməklə Ermənistanda seçkini tam proporsional əsaslara oturda bilərdi - parlamentdə bunu etmək üçün yetərincə gücə malikdir. Rusiyanın “Vestnik Kavkaza” portalında erməni müəllif Susanna Petrosyan yazır ki, parlamentdə 60-dan çox deputat, yəni təxminən 55% Nikol Paşinyanın nəzarəti altında olub. Bunlandan 9 nəfər “Çıxış” fraksiyasının, 31 nəfəri “Sarukyan blokunun”, 7 nəfər daşnak blokunun üzvləridir, 18 deputat isə keçmiş iqtidar partiyasından Paşiyanın tərəfinə keçib.

Susanna Petrosyan ehtimal edir ki, yeni seçki məcəlləsinə keçilməməsi indi Paşinyanın tərəfinə keçmiş kriminal olqirxiya təmsilçilərinin yenidən parlmentdə oturması ilə nəticələnəcək.  Ola bilər ki, Paşinyan da buna çalışır, çünki Sarkisyan kimi uzun müddət Ermənistanı ələ keçirib var-dövlət yığmaq üçün məhz həmin adamlara arxalanmaq vacibdir. Onlar ölkəni talayaraq həm özləri varlanırlar, həm də hakimiyyətdə oturanların varlanmasına şərait yaradırlar.