Mehman Əliyevə qarşı cinayət işinə xitam verildi

02 Noyabr, 2017 19:17 | Siyasət | Baxış sayı: 224
Mehman Əliyev - "Turan" agentliyinin baş redaktoru
Mehman Əliyev - "Turan" agentliyinin baş redaktoru

"Turan" agentliyi fəaliyyətini tam bərpa edəcək

Turan İnformasiya Agentliyinə və agentliyin direktoru Mehman Əliyevə qarşı cinayət işinə xitam verilib.

İstiPress-in məlumatına görə, bu barədə Mehman Əliyev "Amerikanın Səsi"nə müsahibəsində bildirib.

Noyabrın 2-də cinayət işinə xitam verilməsi ilə bağlı Baş Prokurorluq Mehman Əliyevə rəsmi məlumat verib.

Mehman Əliyev Turan-ın fəaliyyətinin tam bərpa ediləcəyini bildirib.

"Sentyabrın 1-dən Turanın işçiləri öz hesablarına məzuniyyətə göndərilib. Onlar könüllü kimi işləyirlər. İndi Vergilər Nazirliyi agentliyə qarşı 37 min manat məbləğində vergi sanksiyasını ləğv etməlidir. Çünki agentlik vergidən yayınmayıb. Sanksiya ləğv edildikdəın sonra normal fəaliyyətə qayıdacağıq", o qeyd edib.

Avqustun 8-də Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti faktla bağlı agentlikdə səyyar yoxlamaya başlayıb.

Bununla parallel olaraq agentliyə qarşı cinayət işi açılıb.

Elə həmin departament avqustun 16-da 2014-2017-ci illər üçün yoxlamanı ləğv edib və 2010-cu il oktyabrın 1-dən 2017-ci il avqustun 1-nə qədər olan dövr üçün yoxlama təyin edib.

Agentlik Vergilər Nazirliyinin bu qərarlarından məhkəməyə şikayət verib.

Avqustun 24-də Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti Mehman Əliyevə qarşı Cinayət Məcəlləsinin 213.1 (vergi ödənişindən yayınma), 308 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 192.2-ci (böyük gəlir əldə etməklə qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürüb. Məhkəmənin qərarı ilə o, 2,5 ay müddətinə həbs edilib. Amma iki həftədən sonra, sentyabrın 11-də həbs qətimkan tədbiri dəyişdirilib.

Elə həmin gün Vergilər Nazirliyi agentliyin 37 000 manat borcu haqqında qərarı ləğv edib, bank hesabları üzərindən həbs qaldırılıb. Amma sentyabrın 15-də borc qərarı yenidən bərpa edilib.