İlham Əliyev Putin və Ruhani ilə bəyanat yaydı FOTOLAR

02 Noyabr, 2017 08:20 | Siyasət | Baxış sayı: 158
Azərbaycan, Rusiya və İran prezidentləri
Azərbaycan, Rusiya və İran prezidentləri

Azərbaycan, Rusiya və İran prezidentlərinin Tehran görüşündə nədən danışıldı?

Noyabrın 1-də Tehranda Azərbaycan prezidenti İlham Əliyevin, İran İslam Respublikasının prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin üçtərəfli zirvə görüşü keçirilib. 

Dövlət başçıları enreji sahəsində əməkdaşlıq, aktual regional məsələlər, terrorizm və ekstremizmə qarşı mübarizə məsələləri ətrafında fikir mübadiləsi aparıblar. 

Görüş başa çatdıqdan sonra dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər. Həsən Ruhani bildirib ki, həm Bakı, həm də Tehran görüşündə çox mühüm məsələləri müzakirə edilib. "Birinci məsələ üç ölkə arasında tranzit məsələsidir. Eləcə də Asiya regionu ilə Avropa regionu arasında tranzitin yaradılmasıdır. Biz qərar qəbul etmişik ki, Bəndər-Abbas limanı Helsinkiyə birləşsin və Asiyanı Avropaya birləşdirək. Eləcə də qərar qəbul etmişik ki, iqtisadi sahədə üç ölkənin əlaqələrini daha da gücləndirək. Həmçinin biz üç ölkə arasında yaşıl gömrük zonasının yaradılmasını və vahid gömrük standartlarının tətbiq edilməsini istəyirik.

Bankçılıq sahəsində də əməkdaşlığın genişləndirilməsi, milli valyutadan istifadə olunması məsələsinə toxunduq.  Biz üç ölkə arasında əməkdaşlıqdan əlavə regional əməkdaşlıq, regional təhlükəsizlik sahəsində əməkdaşlıq barədə də danışdıq".

Azərbaycan Prezidenti İlham Əliyev də ötən görüşdən keçən müddət ərzində olan irəliləyişlərdən söz açıb və toplantı üçün iranlı həmlkarına təşəkkür edib.

Daha sonra Rusiya lideri Vladimir Putin çıxış edib. O, qeyd edib ki, Rusiya, İran və Azərbaycan iri karbohidrogen istehsalçılarıdır. "Amma bu, o demək deyil ki, biz rəqabət aparmalıyıq. Bu, o deməkdir ki, biz öz səylərimizi əlaqələndirməliyik".

Putin qeyd edib ki, səfər zamanı ikitərəfli danışıqlar da baş tutub. "Azərbaycan prezidenti ilə biz tez-tez görüşürük. Biz müəyyən, daha mühüm istiqamətlər üzrə mövqelərimizi dəqiqləşdirdik, ikitərəfli formatda əmtəə dövriyyəsinin artımını qeyd etdik və qarşılıqlı fəaliyyətimizin perspektiv istiqamətləri barədə danışdıq".

Prezidentlər növbəti görüşün gələn il Rusiyada keçirilməsi barədə qərar qəbul ediblər. 

Xatırladaq ki, Tehrana səfər çərcivəsində İ.Əliyev Vladimir Putin, Həsən Ruhani, eləcə də İranın ali dini lideri Seyid Əli Xamenei ilə təkbətək görüşlər keçirib.