Azərbaycandan Sami Yusufa mükafat VİDEO

02 Oktyabr, 2019 09:29 | Siyasət | Baxış sayı: 105
Sami Yusufa mükafat
Sami Yusufa mükafat

Mehriban Əliyeva prezidentinin fəxri diplomunu ifaçıya çatdırıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycan əsilli dünyaca məşhur müğənni və bəstəkar Sami Yusufla görüşüb. Mehriban Əliyeva müğənniyə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu”nu təqdim edib.

Birinci vitse-prezident Sami Yusufun II Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalındakı iştirakını yüksək dəyərləndirib. Mehriban Əliyeva müğənninin bu ilin iyununda Bakıda UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində keçirilən konsertdəki çıxışını da xatırladı, bu konsertin ən yüksək səviyyədə təşkil edildiyini və Azərbaycan ilə UNESKO arasındakı əlaqələrə töhfə olduğunu vurğuladı. O, bildirib ki, Azərbaycan Prezidentinin Sərəncamına əsasən UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasının Bakıda təşkili və keçirilməsində fəal iştirak etmiş şəxslər “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif ediliblər. Bu şəxslərin sırasında Sami Yusuf da var.

M.Əliyeva fəxri diplomu müğənniyə təqdim edib.

Görüşdə Mehriban Əliyeva Sami Yusufa gələcək yaradıcılığında uğurlar arzulayıb. Müğənni və bəstəkar Sami Yusuf yüksək mükafata görə minnətdarlığını bildirib.

Xatırladaq ki, Azərbaycan əsilli məşhur britaniyalı müğənni Sami Yusuf İmaməddin Nəsimi yaradıcılığına müraciət edib. Dünya şöhrətli azərbaycanlı ifaçı Sami Yusuf böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin “Sığmazam” qəzəlini özünəməxsus şəkildə ifa edib. Dünya şöhrətli ifaçı bu il 650 illiyi qeyd edilən Nəsiminin "Sığmazam" qəzəlinə möhtəşəm kompozisiya qurub.