Paşinyan son döyüşə hazırlaşır

02 Oktyabr, 2018 17:29 | Siyasət | Baxış sayı: 904
Nikol Paşinyan
Nikol Paşinyan

Ermənistan baş naziri istefa tələbindən qorxmağa başlayıb

Ermənistan baş naziri Nikol Paşinyan növbədən kənar parlament seçkilərini tezləşdirməyə çalışır və bu məsələdə parlamentdə çoxluq təşkil edən müxalifətlə üz-üzə gəlib.

İstiPress-in məlumatına görə, narıncı inqilab nəticəsində hakimiyyətdən getmiş Respublika Partiyası Paşiyanın payızda parlament seçkiləri keçirmək istəyinin əleyhinə gedib.

Onlar parlament seçkilərinin Paşinyanla Respublika Partiyasının əvvəlcə razılaşdığı tarixdə, yəni 2019-cu ilin aprelində keçirilməsinə tərəfdardırlar. "Sputnik"in yazdığına görə, Paşinyan Respublika Partiyasını xalqı küçələrə tökməklə, yəni indiki deputatları xalqın vasitəsi ilə parlamentdən qovmaqla hədələyib.

Düzdür, bir qədər öncə Nikol Paşiyan Ermənistanda növbədənkənar parlament seçkilərinin dekabr ayında keçirilməsi barədə parlamentin spikeri Ara Balayan və parlamentdə təmsil olunan partiya fraksiyalarının rəhbərləri ilə görüş zamanı qərar qəbul edildiyini bildirib. Amma istənilən halda, növbədənkənar parlament seçkilərinin dəqiq vaxtının müəyyən edilməsinə Ermənistanın mövcud parlamenti səs verməlidir. Bunun müzakirəsi zamanı böyük qarşıdurmanın olacağı qaçılmazdır.

Bu qarşıdurmaya Ermənistanda iki cür yanaşma nümayiş etdirilir. Paşinyana yaxın siyasətçilər iddia edir ki, bəs, İrəvanda mer seçkilərində Paşinyanın parityası böyük uğur qazanıb və səslərin 81%-inə sahib olub. Yəni Paşinyanda parlament seçkilərini udacağına inam yaranıb. 

MDB-nin Düşənbə sammitində Paşinyanın özünü Putinin əl uşağı, yəni yaxın adamı kimi aparması, məntiqsiz bəyanatlardan əl çəkərək Rusiyanın patronajı altında Qarabağ danışıqlarına davam etməsi də Sarkisyan və Qarabağ klanı düşmənlərini razı salır, yəni Rusiya Ermənistanda qarabağlılara alternativ tapıb, Paşiyan öz yerinə adekvatdır və s…

Amma belə görünür ki, Ermənistanın təcrübəli politoloqları bu cür iddialara inanmırlar. Onlar üçün Paşiyanın partiyasının İrəvan merinə seçkilərdə 81% səs əldə etməsinin səbəbi iki vur iki qədər sadədir - seçkilər Sarkisyanın dövründəki kimi saxtalaşdırılır. Sadəcə, Sarkisyan keçmiş komsomol işçisi kimi bir az özünü təmkinli aparırdı və partiyasının adına səslərin 60-70 faizini yazırdı, amma Paşiyan özünü saxlaya bilməyib və iştahını 90 faizə qədər itiləyib.

Nikol Paşinyan Düşənbədə Vladimir Putinlə
Nikol Paşinyan Düşənbədə Vladimir Putinlə

Nikol Paşiyan parlament seçkilərini tezləşdirməyin əsas səbəblərindən biri kimi siyasi sabitliyin vacibliyini göstərir. Lakin erməni jurnalist Tevos Arşakyan "ArmenianReport"da yazdığı məqaləsində Paşiyanın yalan danışdığını bildirir: “Hökumət başçısı hər şeyi iqtisadiyyatın boynuna yıxmaqla xeyli hiyləgərlik edir. Seçkilərlə bağlı tələskənliyin əsas səbəbi Paşinyan hökumətinin sürətlə düşən reytinqidir. Özünün yox, yerində sayan hökumətinin. 5 aylıq iş ərzində onlar heç nəyə nail olmadılar və indi biz başa düşürük ki, Ermənistanda sosial-iqtisadi həyat Sarkisyanın dövründəkindən cüzi fərqlənir. Bu 5 ay ərzində Paşiyan hökuməti o qədər səhvlər buraxıb ki, artıq onun istefasını tələb etməyin vaxtı çatıb”.

Paşinyan məhz bu istefa tələbindən qorxur. O qorxur ki, apreldə onu dəstəkləmiş kütlə, eyni hay-küylə 2019-cu ilin aprelində istefaya getməsini tələb edə bilər. Buna görə də erməni baş nazir tələsir, hakimiyyəti ələ keçirmək üçün Qarabağ klanı ilə son döyüşə hazırlaşır.