ABŞ-dan kritik "F-35" qərarı

02 Oktyabr, 2018 09:30 | Siyasət | Baxış sayı: 211
"F-35"
"F-35"

"İki qırıcı gələn ilin mart ayında təhvil veriləcək"

"Gələn ilin mart ayında Türkiyəyə iki ədəd "F-35" qırıcısının təhvil verilməsi nəzərdə tutulub". İstiPress-in məlumatına görə, bunu müştərək təyyarə proqramının derektor müavini Mat Vinter deyib. 

Onun sözlərinə görə, Türkiyənin beşinci nəsil təyyarələr proqramına qatılması ilə bağlı hər hansı dəyişiklik olmayıb. "100 təyyarənin verilməsi ilə bağlı hər hansı bir dəyişikliyə işarə yoxdur". 

Xatırladaq ki, ABŞ Konqresi Türkiyəyə beşinci nəsil "F-35" qırıcı təyyarələrinin tədarükünü dondurmaq niyyətində idi. Buna səbəb isə ABŞ və NATO-nun bütün hədələrinə, xəbərdarlıqlarına baxmayaraq Türkiyənin Rusiyadan S-400 raket kompleksinin alması olub. Bir neçə ay öncə ABŞ Konqresinin iki qanadı - Senat və Nümayəndələr palatası qırıcıların çatdırılmasını müvəqqəti olaraq təxirə salan ortaq qanunla bağlı uzlaşma əldə etmişdi.  Uzlaşma mətnində qeyd edilmişdi ki, 90 gün ərzində ABŞ Müdafiə Nazirliyi (Pentaqon) Türkiyə-ABŞ münasibətlərinə dair hesabat hazırlamalı və Konqresə təqdim etməlidir. 

ABŞ-ın müdafiə naziri Cim Mattis bir müddət Konqresə yolladığı məktubunda Türkiyənin "F-35" layihəsinin istehsal ortaqlarından biri olduğunu və verilən qərarın qırıcıların istehsalına mənfi təsir edə biləcəyini demişdi.  

Türkiyənin ilk "F-35"i bu ilin iyun ayında təhvil alıb. Ancaq pilotların və texniki heyətin təlimləri davam etdiyi üçün qırıcının 2019-cu ilin payızında Türkiyəyə gətirilməsi planlaşdırılırdı.