Makkeynlə vida zamanı Tramp qolf oynamağa yollandı

02 Sentyabr, 2018 16:42 | Siyasət | Baxış sayı: 110
Donald Tramp qolf zamanı
Donald Tramp qolf zamanı

Senatorun yaxınları Trampı dəfn mərasimində görmək istəmədiklərini bildirmişdilər

Vaşinqtonda senator Con Makkeynlə vida mərasimi keçirilən zaman ABŞ prezidenti Donald Tramp qolf oynamağa yollanıb.

IstiPress-in məlumatına görə, bu barədə “Associated Press” xəbər yayıb.

Daha öncə senatorun yaxınları Trampı dəfn mərasimində görmək istəmədiklərini bildirmişdilər.

Lakin Ağ Ev bu məlumatı şərh etməyib. Bununla yanaşı, prezidentin qızı İvanka Tramp da daxil olmaqla, Ağ Ev administrasiyasının təmsilçiləri kilsədə keçirilən mərasimə qatılıblar. Həmçinin cümə günü vitse-prezident Mayk Pens ABŞ konqresində nitqlə çıxış edib.

Eyni zamanda vida mərasimində ABŞ-ın üç sabiq prezidenti iştirak edib: Barak Obama, kiçik Corc Buş və Bill Klinton.

Xatırladaq ki, bütün həftə boyu Makkeynlə vida mərasimləri keçirilib. Sentyabrın 2-də gündüz saat 2 radələrində (Bakı vaxtı ilə 22:00-da) Annapolisdə (Merilend ştatı) Makkeynin vaxtilə məzunu olduğu Hərbi-dəniz akademiyasının kapellasında şəxsi mərasim olacaq. Orada yalnız mərhumun ailə üzvləri, dostları, həmçinin akademiyanın nümayəndələri iştirak edəcəklər. Mərasimdən sonra Makkeyn kurs yoldaşı və yaxın dostu olmuş admiral Çak Larsonun məzarı yanında basdırılacaq. Bütün tədbirlər ictimaiyyət və jurnalistlər üçün qapalı olacaq.

Onu da xatırladaq ki, Con Makkeyn avqustun 25-də 81 yaşında vəfat edib. O, bir il beyin xərçənginin aqressiv forması ilə mübarizə aparıb.