Prezident İlham Əliyev Cəlilabad rayonunda səfərdədir - YENİLƏNİB - FOTO

02 Sentyabr, 2017 15:14 | Siyasət | Baxış sayı: 288
Avanqard
Avanqard

Cəlilabadda dənli və paxlalı bitkilərin təmizlənməsi və qablaşdırılması müəssisəsi istifadəyə verilib

Bu gün Cəlilabadda "Avanqard" MMC-nin dənli və paxlalı bitkilərin təmizlənməsi və qablaşdırılması müəssisəsi istifadəyə verilib.

Azərbaycan prezidenti İlham Əliyev müəssisənin açılışında iştirak edib.

Dövlətimizin başçısına məlumat verildi ki, bu emal kompleksinin ümumi ərazisi 5 hektardır. Kompleksin tərkibinə taxıl anbarı, dəyirman, paxlalı bitkilər və un məmulatlarının qablaşdırılması zavodu daxildir.

Paxlalı bitkilər və un məmulatlarının qablaşdırılması zavodunda paxlalı bitkilərin, o cümlədən noxud, lobya, mərci və digərlərinin çeşidlənməsi və qablaşdırılması üçün müasir avadanlıqlar quraşdırılıb. Gücü saatda 5 ton olan zavod məhsulun keyfiyyətli olması üçün bütün zəruri avadanlıqla təchiz edilib. Emal kompleksində müasir tələblərə cavab verən taxıl anbarı və dəyirmanda Azərbaycan və Türkiyə, paxlalı bitkilər və un məmulatlarının qablaşdırılması zavodunda isə Türkiyə istehsalı olan avadanlıqlar quraşdırılıb. Müəssisənin 100% yerli xammal bazası əsasında fəaliyyət göstərməsi nəzərdə tutulub. Bu məqsədlə regionda fəaliyyət göstərən fermerlərlə müvafiq müqavilələr bağlanıb və onlarla emal kompleksinin tələbatına uyğun olaraq məhsul istehsal etmələri istiqamətində təşviqat işləri aparılıb. Bu layihə emal müəssisəsinin fəaliyyəti zamanı idxaldan asılılığı azaltmaqla yanaşı, yerli fermerlərə stimul verir, onları məhsul istehsalının həcmini daha da artırmağa sövq edir.

Qeyd edildi ki, taxıl anbarının tutumu 10 min ton, müasir dəyirman kompleksinin emal gücü isə saatda 30 tondur. Ümumi dəyəri 5,3 milyon manat olan taxıl anbarı və dəyirman kompleksinin yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 1 milyon manat məbləğində güzəştli kredit, həmçinin dəyəri 850 min manat olan çeşidləmə və qablaşdırma avadanlıqları üçün investisiya təşviqi sənədi verilib. Xammal və hazır məhsulların daşınması üçün iri tutumlu 5 nəqliyyat vasitəsi alınıb.

Layihənin tam icrası nəticəsində 80-dək daimi yeni iş yeri yaradılacaq. Ölkədə bu cür müəssisələrin yaradılması idxaldan asılılığın aradan qaldırılması və ixracyönümlü məhsulların çeşidinin artırılmasında da mühüm rol oynayır.

saat 15:14

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəlilabada səfəri çərçivəsində şəhərin içməli su təchizatı sisteminin və kanalizasiya şəbəkəsinin istifadəyə verilməsi mərasimində iştirak edib.

İstiPress-in məlumatına görə, "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sədri Əhməd Əhmədzadə "Cəlilabad şəhərinin içməli su təchizatı sisteminin yenidən qurulması və kanalizasiya infrastrukturunun yaradılması" layihəsi barədə dövlətimizin başçısına məlumat verib.

Bildirilib ki, bu layihə "Meliorasiya və Su Təsərrüfatı" ASC-nin sifarişi əsasında Dünya Bankı ilə birgə maliyyələşdirilən "Milli Su Təchizatı və Kanalizasiya Xidmətləri Layihəsi" çərçivəsində həyata keçirilir. Layihə çərçivəsində Cəlilabad şəhərinin 2030-cu il üçün proqnozlaşdırılan 77 min nəfər əhalisini ekoloji təmiz içməli su ilə təmin etmək məqsədilə 11035 evin su təchizatı və kanalizasiya şəbəkəsinə qoşulması nəzərdə tutulub. Layihə çərçivəsində tikinti işlərinə 2012-ci ildə başlanıb və 2018-ci ilin birinci rübünə tam başa çatdırılması planlaşdırılır. Masallı rayonu ərazisində inşa olunmuş su anbarından suyun Cəlilabad şəhərində hər birinin tutumu 5 min kubmetr olan 2 su anbarına öz axını ilə verilməsi üçün ümumi uzunluğu 30048 metr olan magistral boru xətti çəkilib, ümumi uzunluğu 230225 metr olan müxtəlif diametrli borulardan içməli su şəbəkəsi yaradılıb, evlər su sayğacları ilə təmin edilib.

Qeyd olunub ki, çirkab sularının nəqli üçün diametri 1000 millimetr və uzunluğu 6905 metr olan kanalizasiya kollektor xətti, uzunluğu 1734 metr olan müxtəlif diametrli təzyiqli çirkab su xətti və 186383 metr uzunluğunda çirkab su şəbəkəsi çəkilib. Kanalizasiya şəbəkəsi üzərində 4371 baxış quyusu inşa edilib, evlər bu şəbəkəyə qoşulub. Layihə üzrə 5 kanalizasiya nasos stansiyasının ikisində işlər tam yekunlaşdırılıb, üçündə isə inşaat işləri başa çatdırılaraq mexaniki və elektromexaniki işlər davam etdirilir. Hazırda gündəlik gücü 11356 kubmetr olan çirkab su təmizləyici qurğuda inşaat işləri davam etdirilir.

Cəlilabad şəhərinin su təchizatı və kanalizasiya sistemləri 1960-cı illərdə yaradılıb. Yeni layihənin icrasınadək şəhərə içməli su subartezian quyularından verilirdi. Su şəbəkəsi şəhər əhalisinin yalnız 6,1 faizinə xidmət edirdi. İçməli su gün ərzində 2-4 saatlıq qrafik əsasında verilirdi. Əhalinin qalan hissəsi isə tələbatını fərdi qaydada ödəyirdi. Cəlilabad şəhərinin kanalizasiya sistemi də müasir tələblərə cavab vermirdi.

Sonra Prezident İlham Əliyev rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb.

Rayon sakini, Əməkdar müəllim Qərənfil Əhmədova Cəlilabadın inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildirib.

Prezident İlham Əliyev Cəlilabad şəhərinə içməli suyun verilməsini bildirən düyməni basıb.

saat 13:58

Prezident İlham Əliyev Cəlilabad rayonuna səfərə edib. O, şəhərdəki Heydər Əliyev parkında Ulu Öndərin abidəsi önünə gül dəstəsi qoyaraq, xatirəsini dərin ehtiramla yad edib.

Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov parkda və ümumilikdə, rayonda görülən abadlıq-quruculuq işləri barədə prezidentə məlumat verib.

İlham Əliyev Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun 22,2 kilometrlik Lənkəran-Masallı hissəsinin açılışında iştirak edib. “Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlət başçısına görülən işlər barədə məlumat verib.

Bildirilib ki, Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolunun tikintisi regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq, Azərbaycan Hökuməti ilə Asiya İnkişaf Bankı arasında 2008-ci ildə imzalanmış saziş əsasında aparılır. Yolun 22,2 kilometrlik Lənkəran-Masallı hissəsinin tikintisi yüksək keyfiyyətlə həyata keçirilib. 1B texniki dərəcəli və dörd hərəkət zolağından ibarət yolun eni 26,5 metrdir. Layihə çərçivəsində yol üzərində 10 körpü tikilib,142 dairəvi və düzbucaqlı boru inşa olunub, mal-qara keçidləri quraşdırılıb. Bu, yolda avtomobillərin rahat hərəkətinin tam təmin edilməsinə şərait yaradır.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsib.