Şəhid polislərin şərəfinə sayqı duruşu

02 İyul, 2020 16:15 | Siyasət | Baxış sayı: 148

Azərbaycan polisinin 102-ci günündə onları yad etməsəm,vicdanım rahat olmaz.Daxili işlər orqanı əməkdaşlarının bu günki peşə bayramında onlardan danışsam, çox yerinə düşər. Həyatda olmayan şəhid, müxtəlif silahlı insident və hadisələrdə həyatını itirmiş polislərimiz bu yazının qəhrəmanları olacaq.

Qusar rayon polis şöbəsinin sahə müvəkkili, polis serjantı, Azərbaycanın Milli Qəhrəmanı Sərdar Səfərov 1991-ci il sentyabr ayının 25-də Qarabağda gedən hadisələrdə ermənilər tərəfindən gülləboran edilən sərnişin avtobusunu xilas edərkən həlak olub. Əslən Kəlbəcərdən olan Sərdar Səfərovun xatirəsi işlədiyi Qusar rayonunda əbədiləşdirilib, adını daşıyan küçədə xatirə kompleksi ucaldılıb.

Qusar polisinin Sərdar Səfərovdan sonra daha bir əməkdaşı - polis baş leytenantı Fazil Balabəyov "Sadval"ın at oynatdığı bir vaxtda - 1993-cü il iyun ayının 15-də sepatatçılar tərəfindən qətlə yetirilib. Qusarlı polis kapitanı Xanlar Balamətov isə 2001-ci il may ayının 24-də rayon ərazisində çeçen radikalları tərəfindən öldürülüb.

Qusar polis şöbəsinin əməliyyat müvəkkili Qalib Quliyev də radikal qruplarla polislər arasında baş verən silahlı insidentdə həyatını itirib. 2013-cü il oktyabr ayının 16-da oğurluq üstündə yaxalamaq istədikləri radikal qrupun üzvləri tərəfindən güllə yarası alan Qalib Quliyev hadisə yerindəcə dünyasını dəyişib.

Xaçmaz polisinin də Qarabağ şəhidi var.Polis baş leytenantı Xüdrəddin Şükürov 1992-ci il avqust ayında Ağdamın Gülablı kəndi ətrafında gedən döyüşlərdə şəhid olub. Polis serjantı Oqtay Həbibov isə 1995-ci ilin avqust ayında Həsənqala kəndində cinayətkarı tərksilah edərkən bıçaq yarası alıb və xəstəxanada keçinib.

Bu gün bayramları olsa da Xaçmaz polisinə bir dost iradımız var. Xaçmaz polis şöbəsi ikinci ildir yeni binaya köçüb. Qarabağda şəhid olmuş və xidmət zamanı öldürüllmüş Xüdrəddin Şükürovun və Oqtay Həbibovun köhnə binanın yanında olan xatirə barelyefləri yeni binaya hələ qoyulmayıb. Ümid edək ki, həyatını itirmiş bu iki poiis əməkdaşının xatirəsinə Xaçmaz rayon polis şöbəsinin rəhbərliyi hörmətlə yanaşacaq və xatirə barelyefləri yeni binada görünəcək. Şimal bölgəzində itkisi bu gün də ürəkləri dağlayan daha bir polis ölümü Siyəzəndə baş verib. Mərhum xalq artistimiz Həsənağa Turabovun böyük oğlu, Siyəzən polis şöbəsinin əməliyyat müvəkkili Daşqın Turabov 1997-ci il mart ayının 10-dan 11-ə keçən gecə Əlişir Tağıyev adlı silahlı cinayətkarı yaxalamaq məqsədilə keçirilən əməliyyat zamanı onun atdığı 6 güllənin qurbanı olub və cəmi 53 dəqiqə yaşayıb.

Bu gün - polis günündə şimal bölgəsinin həyatını itirmiş 7 polis əməkdaşı barədə yazdım.Yazdım və rahat oldum. Ruhları şad olsun. Sonda cənab Vilayət Eyvazov başda olmaqla bütün polis əməkdaşlarımızı təbrik etməyi lazım bilirəm. Daxili işlər naziri Vilayət Eyvazovun təqdim edəcəyimiz kiçik müsahibəsində qeyd etdiyi kimi, Vətənə xidmət ilk növbədə ailədə düzgün münasibət qurulmasından başlayır. Hər bir polisimizə kiçik bir dövlət olan ailələrində və xidmətdə olmağı arzu edirəm.

Aytəkin Alxaslı