Azərbaycanın hərbi aviasiyası döyüş atışları yerinə yetirib - VİDEO

02 İyun, 2020 10:13 | Siyasət | Baxış sayı: 45

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) cəbhə və ordu aviasiyasının döyüş atışlı taktiki-uçuş təlimləri keçirilib.

İstiPress-ə bu barədə Müdafiə Nazirliyindən məlumat veriblər.

“Hərbi pilotların döyüş bacarıqlarının təkmilləşdirilməsi məqsədi ilə keçirilən təlimlər çərçivəsində HHQ-nin döyüş aviasiyasının təyyarəçiləri praktiki atışlar icra ediblər.

Pilotlar hava hücumundan müdafiə vasitələrindən yayınaraq və ərazinin relyefindən istifadə edərək müxtəlif yüksəkliklərdə manevr etməklə şərti düşmənin döyüş mövqelərini bombardman ediblər”, - məlumada qeyd olunur.

Bununla yanaşı, şərti düşmənin komanda və müşahidə məntəqələri, artilleriya atəş mövqeləri, müşahidə postları, habelə zirehli maşınlarını təqlid edən tək və qrup hədəfləri məhv edilib.

Nazilrlikdən bildirilir ki, təlimlər zamanı pilotlar şərti düşmənin yerüstü hədəflərinin koordinatlarını təyin etməklə hava kəşfiyyatı da həyata keçiriblər.