Rusiyadan İdlib açıqlaması: "Təhlükəsizliyə zəmanət vermirik"

02 Mart, 2020 11:55 | Siyasət | Baxış sayı: 156
Hərbi təyyarə
Hərbi təyyarə

"Hava məkanımızı pozan istənilən təyyarə düşmən kimi qəbul ediləcək"

Suriya ordusunun komandanalığı İdlib hava məkanının bağlandığını elan edib. Bu barədə SANA agentliyi məlumat yayıb. "Bizim hava məkanımızı pozan istənilən təyyarə düşmən kimi qəbul ediləcək və tapşırığı yerinə yetirə bilməməsi üçün vurulacaq". 

Bundan başqa bildirilir ki, Türkiyənin ərazidə başladığı əməliyyat davam edir. "Türkiyə birbaşa olaraq terrorçuları Suriya ordusunun zərbələrindən qoruyur. Bunu daha öncə qəbul edilən razılaşmalara, o cümlədən Soçidəkinə əməl edilməməsi də təsdiqləyir".

Rusiya Müdafiə Nazirliyi də ötən gün Türkiyənin İdlibdə iki təyyarəni vurmasından sonra açıqlama yayıb. Məlumatda bildirilir ki, mövcud şərtlər altında bölgədə xidmət edən Rusiya Hava Qüvvələri Türkiyənin uçuşlarına dair təhlükəsizliyə zəmanət verə bilməyəcəklər. 

Xatırladaq ki, Əsəd rejiminin hücumları nəticəsində Türkiyə İdlibdə ötən həftə 36 şəhid verib. Bundan sonra adıçəkilən şəhərdə Türk Silahlı Qüvvələrinin "Bahar qalxanı" əməliyyatı başlayıb. 

Bu arada Kremlin mətbuat xidmətinin başçısı Dmitri Peskov Rusiya və Türkiyə prezidentləri arasındakı görüşdən də bəhs edib. Onun sözlərinə görə, Ərdoğan və Putin görüşü çox çətin olacaq. Ancaq iki lider İdlibdəki vəziyyətin stabilləşməsi üçün çalışacaqlarını bəyan ediblər.