İlham Əliyev Şəki ilə bağlı 3 ay vaxt verdi

01 Noyabr, 2018 08:24 | Siyasət | Baxış sayı: 374
Şəki
Şəki

Turizm Agentliyi tarixi hissə ilə bağlı layihə hazırlamalıdır

Prezident İlham Əliyev Şəki şəhərinin tarixi hissəsinin qorunması ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir: 

Dövlət Turizm Agentliyi üç ay müddətində“Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin siyahıya alınmasını və vahid məlumat bazasının yaradılmasını təmin etsin;

“Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində yerləşən tarix və mədəniyyət abidələrinin uzunmüddətli qorunması, konservasiyası, bərpası və məqsədyönlü istifadəsi ilə bağlı konsepsiyanın layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin.

Xatırladaq ki, Şəki şəhəri 2008-ci ildə Dünya Tarixi Şəhərlər Liqasının üzvü seçilmiş, 2010-cu ildə Azərbaycanın Sənətkarlıq Paytaxtı elan edilmiş, 2017-ci ildə UNESCO-nun “Yaradıcı şəhərlər şəbəkəsi” siyahısına daxil olunub. 

Şəkinin turistlər üçün cəlbedici məkana çevrilməsi əsrlərin sınağından çıxmış, təbii təsirlərə məruz qalmış tarix və mədəniyyət abidələrinin konservasiyası və bərpası, ənənəvi xalq sənətkarlığı növlərinin dirçəldilməsi, istirahət-turizm infrastrukturu obyektlərinin və xidmət sahələrinin yaradılması işlərinin sürətləndirilməsini şərtləndirir.