Ermənistandakı azərbaycanlı girovlarla bağlı təklif

01 Noyabr, 2018 12:03 | Siyasət | Baxış sayı: 151
Mədət Quliyev - DTX sədri
Mədət Quliyev - DTX sədri

Komissiya əsir və girovların “hamının-hamıya” prinsipi ilə azad edilməsi təklif edib

"871 nəfər Azərbaycan vətəndaşı hələ də Ermənistanda əsir və girovluqda saxlanılır". Bunu Azərbaycan Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının iclasında Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi və Komissiyanın sədri, general-polkovnik Mədət Quliyev deyib.

Onun sözlərinə görə, ötən illər ərzində beynəlxalq təşkilatlar, xüsusən də Beynəlxalq Qızıl Xaç Komitəsi ilə əməkdaşlıq nəticəsində 1480 nəfər əsir və girovluqdan azad edilib. 

General-polkovnik bildirib ki, daxil olan məlumatlara əsasən, ermənilər həmin əsir və girovlara Azərbaycanı tamamilə işğal etdikləri və belə bir dövlətin artıq mövcud olmadığı barədə fikirlər təlqin edir, onlara psixoloji təsirlər edirlər:

"Əlbəttə ki, Azərbaycan həm qeyd etdiyim şəxslərin, həm də hazırda işğal edilmiş Dağlıq Qarabağda saxlanılan Dilqəm Əsgərov, Şahbaz Quliyev və Elnur Hüseynzadənin azad edilməsi üçün zəruri tədbirləri davam etdirir". 

Onun sözlərinə görə, Dövlət Komissiyası hazırda əsir və girovluqda saxlanılan, Beynəlxalq Qızıl Xaç Komitəsinin qeydiyyatında olan şəxslərin “hamının-hamıya” prinsipi ilə azad edilməsi, bundan sonra saxlanılacaq şəxslərin qısa müddət ərzində tərəflərə təhvil verilməsi təklifini irəli sürsə də, Ermənistan bu humanist təklifə münasibət bildirməyib, müharibə qurbanlarının taleyinə biganə qalaraq heç bir əməli addım atmayıb.