Paşinyanın Qarabağ vədləri erməniləri çox qorxudub

01 Oktyabr, 2018 16:55 | Siyasət | Baxış sayı: 712
Nikol Paşinyan Düşənbədə Vladimir Putinlə
Nikol Paşinyan Düşənbədə Vladimir Putinlə

İrəvanda Qarabağ ətrafı rayonların qaytarılması - ermənilərin diplomatik savaşı uduzması çaxnaşması

Nikol Paşiyanın Bişkekdə keçirilmiş MDB sammitindən sonra baş olandan sonra verdiyi bəyanatlar İrəvanda çaşqınlıq və qorxu oyadıb.

İstiPress-in məlumatına görə, erməni ictimaiyyətinin ən çox diqqətini çəkən məsələ Putinin sammitdə Paşinyanı yüksək tonlu səslə buyurub-çağırması olub. Onları narahat edən ikinci məsələ isə Paşiyanın sammitdə İlham Əliyevlə görüşündən sonra indiyə kimi nümayiş etdirdiyi mövqedən fərqli açıqlamalar verməsidir. Görüş barədə “Facebook” səhifəsində yazan Nikol Paşinyan Ermənistan və Azərbaycan rəhbərləri arasında daimi rabitənin qurulacağı barədə xəbər vermişdi. Həm də İrəvanda jurnalistlərə İlham Əliyevin ziyalı insan olmasını bildirmişdi.

Təbii ki, Paşinyanın bu açıqlamaları ona yaxın erməni şərhçilər tərəfindən müsbət qiymətləndirilib. Məsələn, Rusiyanın ermənirəpəst “Regnum” portalı dərhal Nikol Paşinyana yaxın erməni analitik Sarqis Arsruninin fikirlərinə yer verib. Arsruni bunu Bakının Nikol Paşinyanı ciddi fiqur kimi dəyərləndirməsi kimi qiymətləndirib. Yəni əvvəllər rəsmi Bakı Nikol Paşiyanın siyasi gələcəyini görmürdü və onunla danışıqlar aparmağı məqbul saymırdı, amma indi “obyektiv olaraq” Nikolun gələcəyinə inanır.

Amma əks düşərgədə yer alan erməni şərhçiləri Nikol Paşiyanın Əliyevlə görüşə hazırsız yaxalanmasından bəhs edirlər. Məsələn, erməni şərhçi Hrant Melik-Şahnazaryan bildirib ki, Nikol Paşinyan bu cür bəyanatları ilə erməni diplomatiyasının indiyə kimi Vyana və Sankt-Peterburq görüşlərində əldə etdiyi bütün nəticələri sıfra endirib. 

Erməniləri ən çox qorxudan məsələ isə İlham Əliyevlə Nikol Paşiyanın sammit zamanı yetərincə çox söhbət etmələri, hətta liftdə də birlikdə getmələri və yol boyu daima söhbət etmələri olub.  Onlar Paşiyanın müharibəsiz və statusun müəyyən edilməsindən əvvəl Dağlıq Qarabağ ətrafı rayonları Azərbaycana qaytaracağından qorxurlar, çünki onların fikrincə, bu, Qarabağın statusu ilə bağlı Ermənistanın bütün tələblərinin üstündən xətt çəkilməsi və İrəvanın diplomatik Qarabağ müharibəsini uduzması deməkdir.

Erməni şərhçi Samvel Ohanesyan “ArmenianReport” portalında bununla bağlı yazdığı məqaləsində Nikol Paşiyanı sadəlövh olmamağa və hər fikirləşdiyini sosial şəbəkədə yaymamağa çağırıb. O, Nikol Paşiyanın Azərbaycan prezidenti İlham Əliyevin ziyalı olması barədə yazdığına da rəy bildirib və İlham Əliyevin həm də ağıllı olmasını vurğulayıb: “Çünki sizdən fərqli olaraq o başa düşür ki, dil insana öz fikirlərini gizlətmək üçün verilib”.

Ohanesyan Paşiyana bildirib ki, Azərbaycan lideri heç də Nikol Paşiyanın narıncı inqilab yolu ilə hakimiyyətdən salıdığı iradəsiz Serj Sarkisyana bənzəmir: “Ayıqlığınızı itirməyin, cənab baş nazir! Lovğalıq və sadəlövhlük siyasətçinin düşmənidir. Biz qurdların çox olduğu dünyada yaşayırıq”,- deyə erməni şərhçi Paşiyana müraciətində bildirib.