Qubadlıya canını fəda etmiş igid pilot

01 Sentyabr, 2020 16:35 | Siyasət | Baxış sayı: 112

Avqustun 31-də Qubadlının işğalından 27 il ötdü. Azərbaycanın bu dilbər guşəsinin işğalı günlərində Qubadlının müdafiəsində həyatından keçmiş pilot Feyruz Cəlilovun əziz xatirəsi yada düşür.

Siyəzənin Məşrif kəndində anadan olmuş Feyruz Cəlilov gənc yaşlarından aviasiya sahəsinə böyük maraq göstərib. İstehsalatdan ayrılmamaqla Kiyev Mülki Aviasiya Mühəndisləri İnstitutunda təhsil alan Cəlilov 1992-ci ildə oranı bitirdikdən sonra könüllü olaraq cəbhəyə gedib.

Həmin vaxt Azərbaycanın hərbi aviasiyası mülki aviasiyanın şəxsi heyəti hesabına formalaşıb. 8 nəfərlik mülki pilotlardan yaranmış hərbi dəstədə Feyruz Cəlilov da vardı. Yoldaşları ilə qızğın döyüşlərə qatılan Feyruz Cəlilov Kəlbəcər və Ağdərənin müdafiəsi uğrunda gedən döyüşlərdə xüsusi şücaət göstərib, düşmənin səmadakı hava texnikasına sarsıdıcı zərbə endirib.

1993-cü il avqustun 31-i Qubadlı kimi Cəlilov üçün də son döyüş olub. Həmin gün Feyruzun idarə etdiyi helikopter Qubadlını müdafiə edərkən ermənilər tərəfindən vurulub və Feyruz və uçuş heyəti həlak olub. 34 yaşında şəhid olan Feyruz Cəlilov ölümündən sonra Azərbaycan Prezidentinin fərmanı ilə "Azərbaycan bayrağı" ordeni ilə təltif olunub. Qubadlının işğalı günündə xatirəsi hörmətə anılan şəhidlərdən olan Feyruz Cəlilovun məzarı pandemiya səbəbindən geniş şəkildə ziyarət olunmasa da tanıyanları, sağ qalan keçmiş döyüş yoldaşları, qubadlılar xatirəsini ehtiramla anıblar. Allah rəhmət eləsin! Ruhu şad olsun!

Aytəkin Alxaslı