Anasına əl qaldıran polis işdən çıxarıldı - VİDEO

01 Sentyabr, 2020 15:48 | Siyasət | Baxış sayı: 136

Sosial şəbəkələrdə ailə münaqişəsi zəminində yaşlı qadının oğlu tərəfindən təhqir olunmasını və əl qaldırmaq istədiyini əks etdirən video sürətlə yayılıb. 

İstiPress-in məlumatına görə, görüntülərdə ailədaxili mübahisə zamanı Kamran Abbasovun yaşlı anasını nalayiq söyüşlərlə söydüyü əks edilib. Həmin şəxs anasını əvvəl təhqir edir, daha sonra vurmaq istəyir. Oğlu tərəfindən təhqir edilən qadın isə ağlaya-ağlaya “ananı söyməzlər...” ifadəsini işlədir. Anasını təhqir edən şəxsi yeniyetmə otaqdan çıxarır.

Qalmaqallı videonun yayılmasından sonra Daxili İşlər Nazirliyi baş vermiş vəziyyətə reaksiya verib. Kamran Abbasov daxili işlər orqanlarından azad edilib.

"Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin (DYPİ) operatoru Kamran Abbasov ailə münaqişəsi zəminində valideynlərinə qarşı yol verdiyi kobud davranışa, işlətdiyi nalayiq ifadələrə, bununla da “Daxili işlər orqanları əməkdaşlarının etik davranış Kodeksi” ilə müəyyən olunmuş qaydaların tələblərini pozduğuna görə daxili işlər orqanlarında xidmətdən xaric edilib", - məlumatda bildirilir.