Milli Mətbuat gününə Qubadan töhfə

01 İyul, 2020 15:57 | Siyasət | Baxış sayı: 113
Quba şəhəri
Quba şəhəri

Quba İH-də bu gün növbəti dəfə videomüşavirə keçirilib. Rayon İH başçısı Ziyəddin Əliyevin yerli icra nümayəndələri və bələdiyyə sədrləri ilə keçirdiyi onlain müşavirədə əsas mövzu olduqca təhlükəli və qorxulu olan koronavirus pandemiyası ilə bağlı görüləcək işlər olub.

İstiPress-in şimal bürosunun məlumatına görə, rayon rəhbəri yerlərdəki nümayəndələrinə ciddi şəkildə əhali arasında pandemiya ilə bağlı maarifləndirmə işlərinin gücləndirilməsini tapşırıb. Qeyd edib ki, İH-nin pandemiya ilə bağlı nümayəndəliklərə payladığı yazılı məlumat vərəqələri hər bir ailəyə çatdırılmalı, maarifləndirmə işləri gücləndirilməlidir. Operativ Qərargahın sosial məsafənin saxlanılması, maskadan istifadə və digər tələb-şərtlərinə əməl edilməsinə əhalinin mütəşəkkil şəkildə əməl etməsi tövsiyə edilib.

Videomüşavirədə havaların isti keçməsi ilə əlaqədar yanğın hadisələrinin qarşısını almaqdan ötrü sakinlər arasında maarifləndirmə işlərinin aparılması barədə tapşırıqlar verilib. İH-də fəaliyyət göstərən operativ qərargah tərəfindən hazırlanmış yanğın təhlükəsizliyilə bağlı yazılı vərəqələrin fermerlərə və iş adamlarına paylanılması da vacib şərt kimi vurğulanıb. Ziyəddin Əliyev meşə yaxınlığında biçilmiş əkin sahələrinin yandırılmasının yolverilməz olduğunu söyləyib və yerlərdə rəsmilərə öz tapşırıqlarını verib.

Quba rayon İH başçısı Ziyəddin Əliyev videomüşavirədə Azərbaycan prezidenti İlham Əliyevin Azərbaycan Milli Mətbuatının 145 illiyi münasibətilə imzaladığı sərəncamdan da danışıb. Bildirib ki, bu ilin əvvəlindən Qubanın Zərdabi qəsəbəsində "Əkinçi"nin yaradıcısı və milli mətbuatın banisi Həsən bəy Zərdabinin büstünün qoyulması üçün adını daşıyan parkda geniş miqyaslı işlərə start verilib. Onun sözlərinə görə, artıq Həsən bəyin büstü hazırdır və iyulun 22-dək büstün qoyulması təmin olunacaq.

Videomüşavirədə iştirak edən Quba İH-nin ərazi idarəetmə orqanları ilə iş şöbəsinin müdir əvəzi Tariyel İbrahimov bunun pandemiya başlanandan İH-də keçirilən 6-cı onlayn müşavirə olduğunu deyib.