İrəvanın Azərbaycanın qədim ərazisi olduğunu göstərən danılmaz faktlar - FOTO

01 İyun, 2020 17:35 | Siyasət | Baxış sayı: 232
İrəvan - Sərdar Sarayının son görüntüsü
İrəvan - Sərdar Sarayının son görüntüsü

İrəvan xanlığının mədəni irsini əks etdirən arxiv sənədləri bu torpaqların  Azərbaycanın qədim əraziləri olduğunu göstərən danılmaz faktlardır. 

İstiPress-in məlumatına görə, bu fikir “İrəvan xanlığının bölgə mətbəxi” kitabının layihə rəhbəri, filologiya üzrə fəlsəfə doktoru Qivami Rəhimlinin yazdığı yeni məqaləsində ana xətti təşkil edir. Məqləni olduğu kimi təqdim edirik:

Azərbaycan torpaqlarına və mədəni irsimizə zaman-zaman göz dikən ermənilər, çox vaxt bizim mətbəx və yeməklərimizi də özününküləşdirib “erməni yeməkləri” kimi təqdim etməyə çalışırlar. Buna görə Azərbaycan gerçəkliklərini beynəlxalq aləmdə yaymaq, erməni yalanlarını ifşa etmək və onların gerçək simasını açıb göstərmək hər bir Azərbaycan vətandaşının ümdə borcu olmalıdır.

Tahir Əmiraslanovun rəhbərlik etdiyi Azərbaycan Milli Kulinariya Mərkəzi (AMKM) ölkəmizin apardığı bu haqlı mübarizənin ön sıralarında olaraq, mətbəxlə bağlı beynəlxalq tədbirlərdə erməni saxtakarlıqlarını ifşa etməklə yanaşı, Azərbaycan mətbəxini dünyada tanınmasında çox mühüm işlər həyata keçirir. AMKM Azərbaycan mətbəx tarixinin araşdırılmasında, milli mətbəximizi dünyada tanıdılması işində öz qiymətli töhfələri ilə mühüm rol oynayır.

Azərbaycanın müstəqilliyindən sonra AMKM bir neçə xarici dildə milli mətbəximizə aid 30-dan çox kitabın nəşrinə nail olub. Bu illər ərzində Azərbaycan mətbəxinə aid 8 kitab “World Gourmand Awards” yarışlarında I yerə və bir kitab isə münsiflərin xüsusi mükafatına layiq görülüb.

Azərbaycanın qeyri-maddi mədəni irs nümunəsi kimi UNECKO-da qeydiyyatdan keçmiş milli xörəyi dolma haqqında T. Əmiraslanovun rəhbərliyi ilə AMKM-nin ərsəyə gətirdiyi “Azərbaycan mətbəxində dolmalar. 381 çeşid” kitabı 2019-cu ildə Çində keçirilmiş beynəlxalq kitab sərgisində UNECKO-nun ən yaxşı 3 kulinariya kitabı sırasına daxil edilib.  Dünya Qurman Mükafatı Təşkilatı UNECKO-nun dünya üzrə tanıdığı mətbəxlərə aid kitablardan III yerə “İtalian kitchen” (İtaliya) kitabını, II yerə “Gaziantep mutfağı” (Türkiyə) kitabını, I yerə isə “Azərbaycan mətbəxində dolmalar. 381 çeşid” (Azərbaycan) kitabını layiq görərək dolma haqqında kitabı "Dünyanın ən yaxşı qurman kitabı" seçib. Kitabda dolma xörəyinin tarixi, linqvistik, texnoloji, etnoloji, kulturoloji, folklor və başqa xüsusiyyətləri barədə tədqiqat materialları öz əksini tapıb.

“İrəvan xanlığının bölgə mətbəxi” adlı növbəti kitab AMKM kollektivinin imza atdığı uğurların məntiqi davamı hesab edilə bilər. Kitab TEAS Press tərəfindən bu yaxınlarda İstanbulda nəşr olunub.

Çoxillik tədqiqatların məhsulu olan “İrəvan xanlığının bölgə mətbəxi” kitabı bu gün istər tarixi-etnoqrafik, istərsə də milli-mənəvi baxımdan çox aktual bir mövzuya – İrəvan azərbaycanlılarının, bütövlükdə bir vaxtlar indi “Ermənistan” adlanan dövlətin ərazisinin yerli sakinləri olmuş soydaşlarımızın qədim mətbəx mədəniyyətinin tədqiqinə həsr edilib. Kitabda ümumilikdə Qərbi Azərbaycan mətbəxinə aid olan və həmin bölgənin əhalisinin yaratdığı maddi mədəniyyətin qədimliyini və zənginliyini göstərən çoxsaylı tarixi-etnoqrafik faktlar toplanıb. Erməni iddialarının əsassızlığını sübuta yetirən, tarixi qaynaqlara və etnoqrafik sorğulara əsaslanan bu monoqrafiya Azərbaycanın qədim tarixə malik Irəvan bölgəsinin maddi-mənəvi mədəniyyətinə dair qiymətli ensiklopedik mənbədir.

Kitabda hazırda “Ermənistan” adlanan tarixi Azərbaycan torpaqlarının, oranın əzəli sakinləri olmuş soydaşlarımızın mətbəx mədəniyyətinə ermənilərin zaman-zaman göz dikməsi, azərbaycanlıların yemək- içmək və qida məhsulları adlarının “erməniləşdirilməsi” prosesi və onların dünyada “erməni mətbəxi”nin məhsulu kimi təqdim edilməsi konkret faktlarla ifşa edilərək, oxucuların diqqətinə çatdırılır.

Tədqiqat işlərindən aydın olur ki, hələ 1960-cı ildə Ermənistan SSR Elmlər Akademiyası “erməni yeməklərini bərpa etmək” məqsədilə Göyçə və Zəngəzur mahallarında Azərbaycan türklərinin yaşadıqları kənd və qəsəbələrdən toplanılan materiallar əsasında ərzaq məhsulları və yemək növlərinn adlarını, onların hazırlanma qaydalarını saxtalaşdıraraq “Ermənistan mətbəxi” adlı kitab nəşr etdirib.

Lakin “İrəvan xanlığının bölgə mətbəxi” kitabını vərəqlədikcə məlum olur ki, ermənilərin milli mətbəximizə aid olan, tarixən İrəvan xanlığının, eləcə də hazırda “Ermənistan” adlanan tarixi Azərbaycan torpaqları əhalisinin qida rasionunda yer tutan yemək və içkilərin bütünlüklə özününküləşdirməyə və “erməni yeməkləri” kimi tanıtmağa çalışmalarına rəğmən orada yer alan yeməklərin əksəriyyətinin, ərzaq məhsullarının, meyvə-tərəvəzin, ədvaların, demək olar ki, hamısının adları yenə də Azərbaycan türkcəsindədir (afşıla-ovşala, gögüplov, odplov, dolma, qovurma, bozartma, kətə, lavaş, dadlı ala, mastaba şorbası, müəmmərplov və s.).

Ermənilər bizim mətbəx terminologiyasında olan yemək-içmək adlarına bəzi hərf dəyişikləri etməklə özlərinə saxta “mətbəx mədəniyyəti” yaratmaq iddiasını gerçəkləşdirmək istəyiblər. Artiq beynəlxalq ictimaiyyət erməni yalanlarının üzə çıxmasını diqqətlə izləyərək bu yalanların aradan qaldırılmasının şahidi olur. Bir neçə il öncə UNESCO-nun Qeyri-Maddi Mədəni İrs üzrə Hökumətlərarası Komitəsinin lavaşla bağlı erməniləri məyus edən qərar verməsi, lavaşın türk xalqlarının çörəyi kimi YUNESKO-nun Qeyri-maddi Mədəni İrs üzrə Reprezentativ siyahıyasına salması dediklərimizə əyani sübutdur.

Yenicə çapdan çıxmış “İrəvan xanlığının bölgə mətbəxi” kitabının dəyərlərindən biri də İrəvan xanlığının mədəni irsini, Azərbaycan və İslam dini mədəniyyətini əks etdirən tarixi şəkillərin - Sərdar Sarayı, İrəvan məscidləri, karvansara və İrəvan şəhərinin tarixi mərkəzini təşkil etmiş orta əsrlərə aid digər memarlıq abidələrinin məhv edilməsi prosesini təfərrüatları ilə göstərən fotosənədlərin kitabda yer almasıdır. Bu sənədlər sırasında bibim oğlu Ədalət Məmmədovun ulu babası, İrəvan quberniyasının seyxulislamı olmuş axund Şeyx Məhəmmədbağır Qazızadənin Gürcüstan dövlət arxivində saxlanan və 1874 – 1910 illəri əks eddirən şəxsi qovluğundan əldə edilmiş İrəvan Ruhani məclisinin sədri və Quberniya qazisi təyin oluması haqqında Irəvan qubernatorunun sərəncamları da vardır. Şeyx Məhəmmədbağır Qazızadə böyük maarifpərvər olmuş, öz evində rus-tatar məktəbini açmış və pedaqoji fəaliyyətinə görə 1898-ci ildə 3-cu dərəcəli Müqəddəs Anna ordeni ilə təltif olunmuşdu. Gürcüstan Milli Muzeyinin, gürcü alimlərinin təqdim etdiyi tarixi sənədlər, rus şərqşünas-fotoqraf D.İ.Yermakovun (1845-1916) çəkdiyi fotoşəkillər, çar II Nikolayın İrəvan qalasının bərpa edilməsi haqqında arxiv sənədləri İrəvan xanlığının Azərbaycanın qədim əraziləri olduğunu göstərən danılmaz faktlardır.

Bu gün oxucu auditoriyasına təqdim edilən, böyük zəhmət hesabına ərsəyə gəlmiş “İrəvan xanlığının bölgə mətbəxi” kitabında İrəvan mətbəxinə aid çoxsaylı qida məhsullarının, zəngin çeşidli mətbəx ləvazimatlarının, 413 növdə yemək və içki adları və onların hazırlanması qaydaları verilir ki, bu da Qərbi Azərbaycan torpaqlarını əhatə edən İrəvan xanlığı ərazisindəki mətbəx və süfrə mədəniyyəti haqqında əyani təsəvvür yaradır. Ən başlıcası isə kitab hər kəsi ruhən bu gün əsirlikdə olan Vətən torpağına aparır, o torpaqların gözəlliyini, təndirinin ətrini, yeməklərinin ləzzətini bir daha yada salır.

İrəvan rus-tatar məktəbinin açılışı
İrəvan rus-tatar məktəbinin açılışı