Rus KİV-ləri: Ərdoğanla Putini yalnız İlham Əliyev barışdıra bilər

01 Mart, 2020 12:18 | Siyasət | Baxış sayı: 2075
İlham Əliyev, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan - 10 oktyabr 2016-cı il , İstanbul
İlham Əliyev, Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan - 10 oktyabr 2016-cı il , İstanbul

Türk PUA-ları döyüşün gedişini dəyişdi

Suriyada Türkiyənin Rusiyanın müttəfiqi Əsədə bağlı qoşun birləşməldərinə qarşı ciddi hücuma keçməsi Moskvada böyük narahatlıq doğurub.

İstiPress-in məlumatına görə, rus KİV-ləri tələm-tələsik ölkələrinin NATO-daABŞ-dan sonra ikinci böyük ordunun sahibi ilə üz-üzə gəlmək riskindən danışıblar.  Onlar Türkiyə pilotsuz uçan aparatlarının (PUA) son hücumları nəticəsində Əsəd ordusuna dəymiş böyük zərəri detallı şəkildə təsvir etməyə başlayıblar.

Məsələn, “Rosbalt”ın yazdığına görə, Türkiyə ordusu hücumun birinci günü ağır artileriyanın və PUA-ların yardımı ilə Suriya ordusunun “Buk” və “Pantsir” zenit-raket komplekslərini, 23 tankını, 23 artilerriya qurğusunu və 5 helikopterini  məhv edib.

Bu gün isə Türkiyə ordusu daha çeviklik göstərib. “Habertürk”ün yazdığına görə, Türkiyə Müdafiə naziri Hulusi Akar martın 1-də günorta saatlarına kimi Əsədə bağlı qüvvələrin 1 PUA-sının, 8 helikopterinin, 103 tankının, 72 artilerriya qurğusunun, 3 zenit-raket kompleksinin və 2 min 212  əsgərinin zərərsizləşdirildiyini bildirib. 

Rusiya jurnalistləri sosial şəbəkədə yaydıqları açıqlamalarda Türkiyə PUA-larının Əsədə bağlı birləşmələri iflic vəziyyətinə salıdığın bildirirlər. Onların dediyinə görə, bu PUA-lar hərəkət edən istənilən hədəfi - tankları, avtomobilləri, topa halında hərəkət edən əsgəri bölükləri vurur.

Təbii ki, Rusiya indiyə kimi 12 dəfə müharibə şəraitində olduqları Türkiyə ilə bir daha müharibəyə girmək istəməz. Buna görə də, rus jurnalistlər Putinlə Ərdoğanı barışdırmaq imkanlarından danışırlar. “Rosbalt”ın yazdığına görə, bu işi yalnız Azərbaycan lideri  İlham Əliyev bacara bilər.

Çünki 2015-ci ildə Türkiyənin F-16 qırıcısı tərəfindən  Suriya ilə sərhəddə Rusiyanın Su-24 bombardmançı təyyarəsi vurularkən yaranmış böhranın həllində də onun böyük rolu olub.  Məqalə müəllifi İrina Corbenalze hətta Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakıya bu yaxınlarda  baş vermiş səfəri zamanı bu məsələnin müzakirə edildiyini iddia edir.