“Ulduz” filminin yenilənmiş versiyasının təqdimatı olacaq

29 Noyabr, 2019 13:55 | Mədəniyyət | Baxış sayı: 112
Ulduz filmi
Ulduz filmi

Filmi “Balans” milli rəqəmsal studiyası bərpa edib

2020-ci ildə ölkəmizdə ən çox sevilən, demək olar ki, xalq filmi olmuş “Ulduz” filminin ekranlara çıxmasının 50 illiyi qeyd olunacaq.

Mədəniyyət Nazirliyindən verilən məlumata görə, “Balans” milli rəqəmsal studiyası xalqın sevgisini qazanmış, ən baxımlı filmlərdən biri olmuş “Ulduz” filmini 50 illik yubileyi münasibətilə bərpa edib. 

ilm 1964-cü ildə bəstəkar Süleyman Ələsgərovun eyniadlı pyesi əsasında rejissor Ağarza Quliyev tərəfindən “Azərbaycanfilm” kinostudiyasında ekranlaşdırılıb. 1965-ci il martın 29-da Nizami adına kinoteatrda “Ulduz” musiqili kinokomediyasına ilk baxış keçirilib. Filmdə məşhur aktyorlar - Bəşir Səfəroğlu, Lütfəli Abdullayev, Nəsibə Zeynalova, Səyavuş Aslan, Məleykə Ağazadə, Hacıbaba Bağırov, Bahadur Əliyev və digər məhşur sənətkarlar filmdə rol alıblar. 

Dekabrın 3-də saat 19:00-da Nizami Kino Mərkəzində “Ulduz” bədii filminin yenilənmiş versiyası tamaşaçılara təqdim olunacaq. Nəzərinizə çatdırırıq ki, filmin nümayişinə giriş sərbəstdir.

Xatırladaq ki, bundan öncə də, “Mateo Falkone” qısametrajlı filminin yenilənmiş versiyada təqdimatı keçirilib. “Balans” milli rəqəmsal studiyasında bərpa edilən film görkəmli Azərbaycan rejissoru Tofiq Tağızadənin 100 illik yubileyi ərəfəsində gerçəkləşib. Film Mədəniyyət Nazirliyi, “Azərbaycanfilm" kinostudiyası, Milli Qəhrəman Çingiz Mustafayev adına fond və “Balans” studiyasının birgə təşkilatçılığı ilə ərsəyə gəlib. Film Prosper Merimenin novellası əsasında çəkilmiş milli kinomuzun qızıl fonduna daxildir.