Emin Gəncədə möhtəşəm konsert verdi - VİDEO

28 Oktyabr, 2019 12:42 | Mədəniyyət | Baxış sayı: 62

Tamaşaçılar bütün mahnıları demək olar ki, müğənni ilə birgə ifa ediblər

Dünən Azərbaycanın Xalq artisti, tanınmış müğənni-bəstəkar Emin Ağalarov Gəncədəki Heydər Əliyev Park Kompleksində konsert proqramı ilə çıxış edib.

İstiPress-in məlumatına görə, konsertdə Emin tamaşaçılar qarşısında məşhur hitlərini səsləndirib. Bunların sırasında “AMOR”, “Nejnaya”, “Sinaya vecnost”, “Azərbaycanım” və digər sevilən mahnıları olub.

Musiqili gecə Gəncə sakinlərinin böyük coşqusu və alqışları ilə qarşılanıb. Tamaşaçılar bütün mahnıları demək olar ki, müğənni ilə birgə ifa ediblər.

Gəncədə ilk dəfə çıxış etdiyini deyən Emin konsertdəki gözəl atmosferə görə pərəstişkarlarına minnətdarlığını bildirib. “Təəssüratlarım möhtəşəmdir. Mən tamaşaçıların gözlərində qığılcım, istilik gördüm. İnsanlarla birlikdə olduq. Mənə çox xoş oldu ki, gəncəlilər bizi belə isti qarşıladılar”-deyə sənətçi qeyd edib.