Prezidentin qızları "Son iclas"ı izlədi FOTO

26 May, 2018 12:01 | Mədəniyyət | Baxış sayı: 143
"Son iclas"ın təqdimatı
"Son iclas"ın təqdimatı

Film 3 gün pulsuz nümayiş etdirəcək

Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilən “Son iclas” bədii-sənədli filminin təqdimatı olub. Mərasimdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Bakı Media Mərkəzinin prezidenti, filmin baş prodüseri Arzu Əliyeva iştirak ediblər.

Ekran əsəri Heydər Əliyev Fondunun dəstəyi və “BP Azərbaycan” şirkətinin sponsorluğu ilə hazırlanıb.

Mərasimdə çıxış edən filmin baş prodüseri, Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva bildirib ki, bu il ölkəmiz və xalqımız Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümünü qeyd edir. Azərbaycan Xalq Cümhuriyyəti müsəlman aləmində ilk demokratik respublika olub, ölkədə çoxpartiyalı parlament yaradılıb və əsas azadlıqlar təmin edilib. Həmin dövrdə qadınlara seçib-seçilmək hüququ da verilib. Azərbaycan Xalq Cümhuriyyətinin ömrü cəmi iki ilə yaxın olsa da, bu dövr ölkəmizin tarixinin ən şərəfli səhifələrindən biridir.

Bu film layihəsi üzərində 6 aya yaxın iş aparılıb, çəkiliş günləri isə 32 gün davam edib və 25 məkanda çəkilişlər olub. Filmin texniki, eləcə də, yaradıcı heyəti yerli mütəxəssislər, peşəkar aktyorlardır. Filmin çəkiliş qrupu 100 nəfərə yaxın heyətdən ibarət olub və filmdə 50-dən çox peşəkar aktyor çəkilib. Kütləvi səhnələrdə isə 500-ə yaxın insan iştirak edib. Ümumilikdə, film layihəsi üzərində 700 nəfərlik heyət işləyib.

Bakı Media Mərkəzi mayın 26-dan filmi “CinemaPlus” kinoteatrlar şəbəkəsində 3 gün ödənişsiz nümayiş etdirəcək.